"Qəti qərarla deyə bilərəm ki, "İnter"in heç kimə borcu yoxdur"
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutan "Qarabağ” – "İnter” (1-0) matçını izləyənlər arasında "İnter”in prezidenti Rəşad Qasımov da olub.
Sportal.az xəbər verir ki, klub prezidenti qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qarşılaşma haqqında fikirləriniz necədir?
- Biz artıq kuboka yox, çempionata hazırlaşırdıq. Bu gün əsas heyətin iki-üç üzvü meydanda mübarizə aparırdı. Gənc futbolçularımıza şans verdik və gördüyünüz kimi kifayət qədər keyfiyyətli oyun sərgilədik. Qol vura bilməsək də, kifayət qədər şanslarımız oldu.
- Sanki UEFA-nın qərarından sonra komandada heç bir motivasiya yoxdur. Bu fikirlə razısınız?
- Qətiyyən. Ola bilər ki, kənardan belə görünür. Kuboku kənara qoyaq. Biz "Rəvan"a yox, "Qarabağ”a məğlub olmuşuq, ..4:0 hesablı məğlubiyyətdən sonra "Qarabağ”a qalib gəlmək mümkünsüzdü. Artıq çempionat oyunlarımız barədə düşünürük.
- Düşünürsünüz ki, "Rəvan” çox zəif komandadı?
- Yox, Azərbaycan çempionatında zəif komanda yoxdu. Hazırda "Rəvan” və "Xəzər Lənkəran” sonuncu pillədə yer almamaq uğrunda mübarizə aparırlar və qarşıdakı oyunlara yüksək motivasiya ilə çıxacaqlar.
- Yayda komandada köklü islahatlar gözlənilirmi?
-Hər hansı köklü islahat gözlənilmir. Köklü islahat o yerdə edərlər ki, nəticə bizi tam qane etməsin. Nəticələrimizdən razıyıq.
- Yayda baş məşqçiniz Zaur Svanadzeni komandadan göndərməyi düşünmürsünüz?
- Yox, qətiyyən. Hələ ki, Zaur Svanadze ilə 1 illik müqaviləmiz var. Planımız onu komandada saxlamaqdı.
- Son məlumatlara görə, "İnter”in sabiq işçiləri sizi məhkəməyə verib...
- Heç kim məni məhkəməyə verməyib. Məhkəmədən qorxmuram. Çünki, biz qanunsuz heç nə etməmişik. İxtisara salınanlarla qanuni olaraq yollarımı ayırmışıq. Bizim heç bir sabiq işçiyə borcumuz yoxdur. Qəti qərarla deyə bilərəm ki, "İnter”in heç kimə borcu yoxdur. Bütün sabiq işçilərimizin kompensasiyası vaxtı-vaxtında ödənilib.
- CAS-ın qərarı ilə bağlı hər hansı xəbər yoxdur?
- Bizim şikayətimizdən sonra 20 gün ərzində UEFA öz qərarını CAS-a bildirməli idi. Və bundan sonra məhkəmənin tarixi müəyyən edilməli idi.
saytlarin hazirlanmasi