Rəşad Ergün: "Rövnəq Abdullayevin oğluyla bağlı xəbəri saytdan götürməyi xahiş etmişdi"

12:23 - 5 May 2016

"Xəbəri qoyduğumuzdan çox qısa zaman sonra..."

 

Ölkənin tanınmış idman saytlarından biri - "Komanda.az"a xaker hücumu edilib. Sportal.az xəbər verir ki, buna səbəb həmkarlarımızın dərc etdiyi tənqidi materialların kiminsə xoşuna gəlməməsi olub.

 

Bu barədə Sportal.az-a açıqlama verən “Komanda.az” saytının baş redaktoru Rəşad Ergün bunları qeyd edib:

 

“Məsələ belədir ki, bir neçə gün əvvəl AFFA prezidenti Rövnəq Abdullayevin oğlunun Türkiyədə avtoşluq etməsi, polislərə müqavimət göstərməsi ilə bağlı xəbəri sayta yerləşdirdik - Türkiyə mətbuatına istinadən. Xəbəri qoyduğumuzdan çox qısa zaman sonra saytın fəaliyyətində problem yarandı. Amma qısa müddətdə birtəhər problemi həll edə bildik. Saytın texniki işləri üzrə mütəxəssisin dediyinə görə, bu, spam hücumudu. Bu gün isə səhərdən yenə eyni problem yarandı, yenə xaker hücumu.

 

Dünən mənə yetərincə sanballı bir qəzetin baş redaktoru zəng edib, Rövnəq Abdullayevin oğluyla bağlı xəbəri saytdan götürməyi xahiş etmişdi. Mən isə bunun mümkün olmadığını bildirmişdim. Görünür, bu adamlar xəbəri saytdan çıxarmağın mümkün olmadığını anlayıb, saytın özünü sıradan çıxarmaq qərarına gəliblər. Olsun. Bu problemi də həll edərik, bundan sonra yaranacaq problemləri də. Biz səbirliyik və kim olur-olsun, eyni səbir və soyuqqanlılıqla yolumuza davam edəcəyik. Saytlara xaker hücumları isə artıq bizim ölkədə adiləşmiş, keçilmiş yoldu. Biz də bu yolu keçərik, problem deyil. Amma çox ucuz yoldu”.

Xəbər xətti