"Baş məşqçimizlə danışığımız olacaq"
Azərbaycan Kubokunun 1/2 final mərhələsi çərçivəsində "İnter"i qəbul edən "Qarabağ" 1:0 hesabı ilə qalib gələrək adını finala yazıdırıb.
Sportal.az xəbər verir ki, uzun müddətdən sonra meydana çıxan Ağdam klubunun qolkiperi Fərhad Vəliyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
"İlk oyunda "İnter” üzərində 4-0 hesablı qələbə qazanmışdıq. Demək olar ki, cütüntaleyini ilk oyunda həll etmişdik. Çalışırdıq ki, cavab oyununda məğlub olmayaq. Özümə gəldikdə isə, doğrudan da mövsümün ikinci hissəsində heç bir oyuna çıxmamışdım. Çalışırdım ki, məşqlərdə özümü formada saxlayım və hər an oyuna çıxmağa hazır olum. Şükürlər olsun ki, bu oyunda da meydanı qol buraxmadan tərk etdim".
- Tükəndiyini hiss etmirsən?
- Xeyr, gücüm var. Bundan sonra iki il də oynamaq fikrindəyəm.
- Daha əvvəlki müsahibəndə bildirmişdin ki, yayda getmək barədə düşünə bilərəm. İndinə fikirdəsən?
- Sözün açığı, "Qarabağ”da qalmaq istəyirəm. Baş məşqçimizlə danışığımız olacaq. Fikrim "Qarabağ”da qalmadır. Soz sözü baş məşqçimiz deyəcək.
- Yerindən məmnunsanmı?
- Əlbəttə, həmişə məmnun olmuşam. Uzun müddətdir ki, "Qarabağ”ın şərəfini qoruyuram. İstəyirəm ki, karyeramı da Ağdam klubunda bitirim.
- Kubokun finalında rəqibiniz "Neftçi” olacaq...
- "Neftçi” ilə baş tutan hər bir oyunumuz gərgin olur. Baxmayaraq ki, "Neftçi” çempionatda aşağı pillələrdə yer alıb. "Netçi” həmişə "Neftçi”di. Düşünürəm ki, finalda bizi möhtəşəm oyun gözləyir.
- Penalti epizodu zamanı Vüqar Nadirov sabiq komandasını məyus etmək üçün çox istəkli görünürdü. Amma sən ona bu imkanı vermədin...
- Vüqarla uzun müddət bir komandada oynamışıq. Vüqar çox zərbələri qapının sağ istiqamətinə vurur. Məndə onu hesablayıb, sağa tullanmağı üstün tutdum. Qismət oldu, penaltini qaytara bildim.