"Şahdağ"ın qolkiperi: "Səhərlər şirinçay içməyə şəkər tozu tapmırdıq" MÜSAHİBƏ

12:27 - 7 May 2016

"Sonuncu qarşılaşmaya da pul verilməsə, çıxmayacağıq"
 
Dünən Azərbaycan birinci divizionunun 25-ci turunda “Şahdağ” “Şərurspor”la oynamalı olsa da, Qusar təmsilçisi meydana çıxmaqdan imtina edib.
 
Sportal.az xəbər verir ki, buna səbəb komandanın bir neçə aydır ki, maaş almamasıdır. Bununla bağlı komandanın qapıçısı Samir Quliyev “Qafqazinfo”ya müsahibə verib.
 
- Neçə aydır maaş almırsız?
- 9 aydır ki, pul üzünə həsrətik. Vəziyyət həddən artıq pisdir. Daha bu qədər dözdük, indi oynaya bilmərik. Artıq heç nə istəmirik. Maaşlarımızı versinlər.
 
- Probleminiz təkcə maaşdır?
- Təkcə maaş olsaydı... Siz bizim orda qaldığımız oteli görməmisiz. Otaqlar bərbad günündədir. Qışda yatdığımız yer çox soyuq idi. Yediyimiz yeməklər də çox pisdir. Elə olurdu ki, səhərlər şirinçay içməyə şəkər tozu tapmırdıq. Məşqsiz oyunlara çıxırdıq. Buna baxmayaraq 2-ci dövrədə cəmi 2 məğlubiyyətimiz var. Çətin “Neftçala”nı 4:3, “Qaradağ Lökbatan”ı 4:1 udmuşuq. “Ağsu” ilə 1:1-lik heç-heçə etmişik. Amma bunun qarşılığı yox idi.
 
- Bundan sonrakı oyuna da çıxmayacaqsız?
- Artıq səbrimiz bitib. Bundan əvvəlki oyunlara da karyeramız bitməsin, azarkeşlər var deyə çıxırdıq. İndi isə dözmək mümkün deyil. Ona görə də sonuncu qarşılaşmaya da pul verilməsə, çıxmayacağıq.
 
- Amma komandanızın prezidenti Ərəstun Niftəliyev deyib ki, maaş problemindən çox kənar səbəblər komandaya təsir edir. Kimlərsə işimizə mane olur...
- Mən futbolçu kimi öz funksiyamı yerinə yetirirəm. Nə prezidenti, nə də baş məşqçini günahlandırıram. Başqa səbəblərin nə olduğunu bilmirəm və elə işlərə “burnumu soxmuram”. O, elə deyirsə, deməli bildiyi nəsə var.
 
- Amma prezidentiniz futbolçuların kiməsə qulaq asdığını bildirib...
- Komandanın işində belə şeylər yoxdur. Biz maaşımıza görə meydana çıxmırıq. Əgər elə söhbətlər varsa, küncdə-bucaqda olub, komandada yox.
 
- İndi komandaya hansı şərti qoymusuz ki, onu etsələr, meydana qayıdacaqsız?
- Vəziyyət bərbaddır. Biz də maaş olsa, geri qayıdacağıq. Hər dəfə bizə söz verib aldadırlar. Bizə dedilər ki, filan komandaları udun düzələcək. Hamısını udduq, amma ortaya nəsə qoymadılar.
 
- Baş məşqçi nə deyir?
- O da hər gün dava-dalaş edir ki, pulu alsın. Amma nə pul verirlər, nə də futbolçuların transfer vərəqəsini.

Xəbər xətti