"Qələbə qazanmaq bizim üçün vacib idi"
Premyer Liqada 33-cü tur çərçivəsində keçirilən "Qarabağ” – "Sumqayıt” (1:0) matçından sonra ağdamlıların yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb:
Sportal.az həmin müsahibəni təqdim edir:
- Qələbə seriyasını davam etdirirsiniz. Artıq çətin deyil?
- Yaxşı hazırlaşmaq üçün vaxtımız az oldu. Buna baxmayaraq, qələbə qazanmaq bizim üçün vacib idi. Meydana da tam heyətlə çıxmışdıq. Bugünkü 3 xal "Qarabağ”ın gələcək planları ilə üst-üstə düşdü.
- Bu qələbənin əhəmiyyəti nədədi?
- Oyun təcrübəsini qorumaq, eləcə də qələbə ruhunu saxlamaq baxımından bugünkü oyun çox vacib idi.
- "Qarabağ” çempionatda məqsədinə çatıb. Belədə oyunlara köklənmək çətin olmur?
- Məqsədimizə çatsaq da, çempionat bitməyib. Üstəlik, bizim işimiz çempionatdan sonra da davam edəcək. Yığmanın oyunları, ardınca Çempionlar Liqasına hazırlıq gəlir. Mümkün qədər oyun təcrübəmizi qorumalıyıq.
- Amma əvvəlki istək yoxdu...
- Ola bilsin, istək bir az azalsın. Ancaq qələbə ruhunu qorumaq üçün çalışmalıyq. Ən vacibi də budu.
- Mövsümü yenə ən gec başa vuran iki komandadan biri "Qarabağ” olacaq. Kubokun finalı haqda nə düşünürsən?
- Elə kubok oyununda da yaxşı çıxış etmək üçün formadan düşməməliyik. Yəni yaxşı hazırlaşmasaq, ardıcıl məğlubiyyətlər alsaq, finalda çətin olacaq. Biz də çalışırıq buna yol verməyək.
- Ötənilki final təkrarlana bilərmi?
- "Neftçi” bizdən daha istəkli olacaq. "Qəbələ” ilə yarımfinal oyununda bunu ortaya qoydular. Avrokuboklara getmək üçün rəqibimiz maksimum güc sərf edəcək. Biz də onlarla duelə hazır olmalıyıq. Final oyunu çətin keçəcək.
- Finalda "Qəbələ” ilə qarşılaşmaq münasib olardı, yoxsa elə "Neftçi” yaxşıdı?
- Bizim üçün kiminlə qarşılaşacağımızın fərqi yoxdu. "Qəbələ” düşsəydi, onlara uyğun hazırlıq keçəcəydik. Bu dəfə "Neftçi”ni nəzərə alıb, hazırlaşacağıq.
- Həlledici oyunun keçiriləcəyi stadion hələ dəqiqləşməyib. Matçın hansı arenada baş tutmasını istərdin?
- PFL prezidenti Ramin Musayev Masazırdakı Əlincə stadionun mümkünlüyünü deyib. Mən də bu fikri dəstəkləyirəm. Əsas odur ki, arena oyun üçün hazır olsun.
saytlarin hazirlanmasi