"Bizim məqsədimiz də mümkün qədər çox qələbə qazanmaqdı"
Azərbaycan Premyer Liqasının XXXIII turunda baş tutan "Qarabağ" - "Sumqayıt" (1-0) oyunundan sonra "Sumqayıt"ın qapıçısı Səlahət Ağayev jurnalistlərə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Oyun azarkeşlər üçün darıxdırıcı keçdi. Bəs meydanda necə hiss olunurdu?
- Oyunun bu cür axarda keçəcəyi gözlənilən idi. "Qarabağ” çempion olmasına rəğmən qələbə qazanmaq istəyəcəyini bilirdik. Biz də eyni istəklə mübarizə aparırdıq. Əlimizdən gələni etdik, amma bu qədər alındı. Rəqib layiq olduğu qələbəni qazandı.
- Yəni "Qarabağ”ın qələbə qazanacağı gözlənilən idi?
- Rəqibimiz çempion komandadı. Hamı bilir ki, yaxşı heyətləri var. Dayanmadılar, sona qədər mübarizə apardılar. Bu baxımdan gözlənilən idi.
- "Sumqayıt” hə turda bir cür oyun nümayiş etdirir. Qeyri-sabit oyununuz nədən irəli gəlir?
- Elə deməzdim. Biz də meydana qələbə qazanmaq üçün çıxırıq. 90 dəqiqə ərzində əlimizdən gələni edirik. "Qarabağ” çox güclü komandadı. Qarşıda 3 tur qaldı. Ondan sonra komandanın çıxışı analiz olunacaq.
- Bəlkə qarşıya konkret hədəf qoyulmadığından çıxışınız belə alınır?
- Hədəfsiz, məqsədsiz komanda yoxdu. Bizim məqsədimiz də mümkün qədər çox qələbə qazanmaqdı. Çalışırıq, amma hər dəfə bunu reallaşdırmaq alınmır. Rəqib komanda da meydanda sakit dayanmır.
- Mövsüm sona yaxınlaşır. Müqavilən də bitmək üzrədi. Yeni çempionatı hansı komandada davam etdirəcəyini düşünmüsənmi?
- Müqaviləm mayın sonunda bitəcək. Ona qədər komandadayam. Bəli, artıq təkliflər almışam. Ancaq heç kimlə oturub konkret söhbət etməmişəm. Kiməsə gələcəyimlə bağlı söz verməmişəm. Zənglər olub.
- "Neftçi”yə keçəcəyin realdırmı?
- Hələ ad açıqlamayacam. Çünki heç kimlə söhbətim olmayıb. Dəqiqləşməyən vəziyyət haqda necə danışaq.
- "Sumqayıt”da qalmaq necə, planına daxildimi?
- Futboldu, hər şey ola bilər. Zaman sualları cavablandıracaq.
saytlarin hazirlanmasi