"Əvəzedici heyətdə Sahil Mirzəyev, Yusif Nəbiyev kimi..."
Ölkəmizin bir çox klublarında “Qəbələ” Futbol Akademiyasının yetirmələrinə rast gəlmək olar. Onların arasında “Zirə”də çıxış eləyən Tellur Mütəllimovu vurğulamaq olar ki, bu futbolçu qış fasiləsindən sonra öz oyunuyla diqqətləri üzərinə cəlb edə bilib.
Sağ cinah müdafiəçisi olan Tellur “Zirə”də icarə əsasında çıxış eləyir. Heç şübhəsiz ki, onun baxımlı oyunu məxsus olduğu “Qəbələ” klubunun məşqçilərinin də diqqətini çəkib. Bəs, mövsüm bitəndə Mütəllimov “Zirə”də qalacaq, yoxsa “Qəbələ”yə qayıdacaq? “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov gənc futbolçuyla bağlı Sportal.az saytına bunları dedi:
“Tellur Mütəllimovun “Zirə”ylə icarə müqaviləsi mövsümün sonunda artıq başa çatır. Onun klubumuzla uzun müddətli müqaviləsi var. Biz də çox sevinirik ki, xüsusilə qış fasiləsindən sonra Tellur “Zirə”nin heyətində uğurlu çıxışı ilə yadda qaldı və ümid edirik ki, bu inkişaf tempi növbəti mövsümdə də davam edəcək. Ancaq bir məsələ də var ki, hal-hazırda cinah müdafiəçisi mövqeyində Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Ürfan Abbasov kimi futbolçular var. Onlarla yanaşı əvəzedici heyətdə Sahil Mirzəyev, Yusif Nəbiyev kimi böyük perspektiv vəd eləyən cinah müdafiəçilərimiz də var. İnanırıq ki, onlar da əsas komandamızda uğurlu çıxış edə bilərlər. Mövsüm bitəndən sonra rəhbərlik və məşqçilər korpusu bir araya gəlib müzakirələr aparacaq. Həm icarədə olan, həm də digər futbolçularla bağlı seçimimizi edib qərar verəcəyik. Həmin vaxt Tellur Mütəllimovun da gələcək taleyinə aydınlıq gələcək”.
saytlarin hazirlanmasi