"Özümü Ufuk Budakdan zəif hesab etmirəm"
“Sumqayıt”ın müdafiəçisi Slavik Alxasov Sportal.az saytına müsahibə verib.
- Mövsümün sonunda 2 tur qalıb. Mövsümü necə dəyərləndirirsiniz?
- Yaxşı oyunlarımız çox oldu. Amma bu mövsüm bəxtimiz gətirmədi. “Qara zolağ”a düşmükdük. Düzdür, son oyunlarda yaxşı formadayıq. Amma daha yaxşı mövsüm keçirə bilərdik.
- Bəzi komandaların zəifləməsindən sonra “Sumqayıt”ın avrokuboklara vəsiqə qazanacağı gözlənilirdi...
- Deyərdim ki, bəxtimiz gətirmədi. Biz də çox istəyirdik ki, avrokuboklara vəsiqə qazanaq. Qış fasiləsindən sonra öz oyunumuzu itirdik. Heç özümüz də bilmədik ki, bizə noldu, nə baş verdi.
- Mövsümün uğursuzluğunu tək bəxtsizliklə əlaqələndirirsiniz?
- Xeyr, öz səhvlərimizdən də xallar itirmişik. Qış fasiləsindən sonra rəhbərlik bizə avrokuboklara vəsiqə qazamağı hədəf qoydu. Biz də bunun üçün çox çalışırdıq. Adi oyunlarda xallar itirdik və avrokuboklardan əlimizi üzdük.
- Növbəti mövsüm Samir Abasov daha iddialı kollektiv qurmaq fikrindədir. Həmin komandada oynamaq fikriniz var? Çünki müqaviləniz başa çatır...
- Əlbəttə. “Sumqayıt” mənə doğma komandadır. İstəyirəm ki, daha güclü kollektivimiz olsun. Mövsümün sonudur və müqaviləm başa çatır. Rəhbərliklə yeni müqavilənin şərtlərini müzakirə etməmişik.
- Son günlər adınız “İnter”lə hallanır və ilkin razılığa gəldiyiniz bildirilir....
- Bununla bağlı açıqlama vermək istəməzdim. Mövsümün sonuna 2 tur qalıb və mən “Sumqayıt”ın uğurları üçün tər tökürəm. Mövsüm başa çatdıqdan sonra bu haqda danışmaq olar.
- Slavik, qarşıda millimizin toplanışı var. Bir çox mütəxəssislər sizi millidə görür...
- Mən də istəyirəm ki, millimizin şərəfini qoruyum. Əgər milliyə dəvət edilməsəm, öz üzərimdə daha çox çalışmalıyam. Məşqçilər korpusu nə qərar versə, onların fikrinə hörmətlə yanaşmaq lazımdır. Mən özümü yaxşı tərəfdən göstərməyə çalışıram.
- Amma artıq sol cinah müdafiəçisi kimi Ufuk Budak dəvət edilib...
- Ufuk əvvələr də, millinin şərəfini qoruyub. Bu, məşqçilərin verdiyi qərardır. Amma mən özümü Ufuk Budakdan zəif hesab etmirəm.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi