"Millidən dəvət gözləyirəm"
“Zirə”nin müdafiəçisi Adil Nağıyev Sportal.az saytına müsahibə verib:
- 5 oyundur ki, qələbə qazana bilmirsiz. Komandada son oyunlarda sanki arxayınlıq var...
- Komandada hər şey yaxşıdır. Mövsümün sonlarıdır. Ola bilsin ki, yorğunluq da öz sözünü deyir. Bəlkə də, rəqiblərimizdən irəlidə olduğumuz üçün bir az arxayınlaşmışdıq. Şükürlər olsun ki, gümüş medallara sahib çıxdıq.
- Adil, Premyer Liqada debütünü necə dəyərləndirirsən?
- Bəli, Premyer Liqada ilk mövsümümü keçirdim. İlk mövsümdə titul qazanamq sevindirici haldır. Fikrimcə, yaxşı mövsüm keçirdim.
- Oyunu izləyənlər arasında millimzin baş məşqçisi Robert Prosineçki də var idi. Xorvatiyalı mütəxəssis açıqlamasında bildirib ki, millinin təlim-məşq toplanışına gənc futbolçular da dəvət ediləcək. Prosineçkidən dəvət gözləyirsən?
- Əlbəttə. İstəyirəm ki, milli komandaya dəvət alım. Amma son qərarı məşqçilər korpusu verəcək. Mən də verilən qərara hörmətlə yanaşıram. Sözün düzü, mən millidən dəvət gözləyirəm.
- “Zirə”nin avrokuboklara getməyəcəyi rəsmiləşdi...
- Mövsüm başlayanda heç kim inanmazdı ki, “Zirə” gümüş medallara sahib çıxacaq. Biz əziyyət çəkdik və bunun da bəhrəsini gördük. İnşallah növbəti mövsüm avrokuboklara vəsiqə qazanarıq. Bəlkə də, növbəti mövsüm çempion olduq. Bu, futboldu (gülür).
- Çempionluq urğunda son turlara qədər mübarizə apardınız. Çempionluğu əldən verməyinizi nə ilə əlaqələndirisən?
- Fikrimcə, debüt mövsüm üçün gümüş medal əla nəticədir. Artıq bu il kifayət qədər təcrübə topladıq. Heyətimiz genişdir. Çempion olmağımız üçün sadəcə təcrübə çatmadı. İnşallah yeni mövsümdə daha güclü “Zirə” olacaq.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi