"Qəbələ"də debüt edən futbolçu: "Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik" MÜSAHİBƏ

14:34 - 2 İyul 2016

"Qəbələ"nin gücünü Avropaya nümayiş etdirmək istəyirik"
 
"Qəbələ"nin "Samtredia"nı 5:1 hesabı ilə darmadağın etdiyi matçda komandanın gənc futbolçusu Tellur Mütəllimov "qırmızı-qaralar"ın heyətində debüt edib.
 
21 yaşlı yarımmüdafiəçi Sportal.az saytına müsahibə verib.
 
- “Qəbələ”nin heyətində debüt oyunun Avroliqa matçına təsadüf etdi...
- Hər bir futbolçunun avrokuboklarda oynamaq arzusu var. Allaha şükürlər olsun ki, bu hissləri mən də yaşaya bildim. Qol vurmaq fürsətim olsa da, rəqib qolkiper həmin epizodda inamlı çıxışı ilə yadda qaldı. “Qəbələ” üçün əlimdən gələni etməyə davam edəcəm.
 
- Rəqibi darmadağın edəcəyinizi gözləyirdin?
- Rəqiblərimizə hörmətlə yanaşırıq. Onlar mövsümü 2-ci pillədə başa vurmuşdular. Hesabın belə olacağını gözləmirdim. Bu nəticə növbəti matçda daha rahat oynamağımıza şərait yaradacaq.
 
- “Samtredia” ilə cavab oyununda Roman Qriqorçukdan şans gözləyirsən?
- Bu haqda danışmaq hələ tezdir. Məşqçimiz mənə şans versə, əlimdən gələni edəcəm.
 
- “Qəbələ”də əsas heyət uğrunda mübarizə aparmaq sənin üçün çətin deyil?
- Əsas heyətə düşmək üçün çox çalışmaq lazımdır. Öz üzərimdə daha çox çalışıram. Mənə verilən hər bir şansı dəyərləndirəcəm.
 
- “Qəbələ”də əsas hədəfin nədir?
- İstərdim ki, həm çempionatda, həm də Avropa Liqasında uğurlu çıxış edək. Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq. “Qəbələ”nin gücünü Avropaya nümayiş etdirmək istəyirik.

Xəbər xətti