"Mən əgər bir işdən zövq almasam, gedərəm"
Peşəkar Futbol Liqasına 3-cü dəfə prezident seçilən Ramin Musayev jurnalistlərin suallarını avablandırıb:
Sportal.az həmin müsahibəni təqdim edir:
Bu gün bizim çempionatımız Avropada 24-cü yerdədir. Bunu mən yox, UEFA deyir. PFL yaranana qədər dünyada 110-cu yerdə idik. Amma indi 38-ci pillədə qərarlaşmışıq. Azərbaycan Premyer Liqası ən çox yüksəliş edən çempionatdır. Mən bu vəzifəyə gələndə əvəzedici heyət yox idi. Klubdan gəldiyim üçün bu iş mənə asan gəldi. Çünki çətinliklər görmüşdüm. Klub nümayəndələri də çox sağolsunlar ki, birlikdə iş gördüyümüzü bildirdilər. Biz mehribanıq. Əvəzedici heyətin olması, bizə çox faydalı oldu. Bu, çox gənc oyunçulara yardım oldu. Problemlər çox idi. “Neftçi”də işləyəndə Bakıda fərqli, Sumqayıtda başqa topla oynayırdıq. Qazaxda isə şarla oynayırdıq.Mən buların hamısın görmüşdüm. Təşkil etdik, bütün komandalar eyni topla oynasın. Bəziləri də deyirdi ki, PFL top satışı ilə məşğul olur. And olsun Allaha bizim məqsədimiz pul qazanmaq olmayıb. Fikrimcə, jurnalistlərin də əksəriyyəti razıdırlar. Çünki həmişə suallarınızı cavablandırmışıq.
- Klub rəsmiləri hakimlərin təyinatından narazılıq edirlər. Amma bu gün sizin əleyhinizə əl qaldıran olmadı...
- Əleyhimə əl qaldıran olmadı. Elə bir klub rəsmisi yoxdur ki, oyundan sonra mənə zəng etsin və mən ona cavab verməyim. Belə hadisə yaşanmayıb. İnsanıq. Hamıq emosiyalarını ələ almaya bilər. 8 il ərzində baş tutan oyunlardan ürəyiniz hansını istəyirsə, analiz edək. Hətta klub rəhbərliyinin bəzi məsələlərdən xəbəri olmur. Qələbə qazanaraq arxayın gedirlər. Çox şükürlər olsun ki, rüşvətin qarşısını almışıq. Hətta qovulanlar da olub. Şübhələndiyimizi belə qovmağa hazırıq. Amma biz sübut edərək qovmaq istəyirik. Xaqani Məmmədovun işi asan deyil. Elə bilirsiniz ki asandı? Həmçinin mənim işim də asan deyil. Klublar çoxlu şikayət edirlər. Həmin epizodları şikayət edənlərə göstərəndə deyirlər ki, Ramin müəllim, bağışlayın, üzr istəyirik. Hakim də insandır da. FİFA dərəcəli referilərimiz Avropa Liqasının I təsnifat mərhələsinin 3 oyununa təyinat alıblar. Əliyar Ağayevin çox gəncdir. Amma 24-cü oyununu idarə edib. Onlar Azərbaycanı təmsil edirlər. Bu, sevindirici haldır. Xaqani Məmmədovu müdafiə etmirəm. Jurnalistlərlə peşəkar danışmasa da, işini peşəkar şəkildə görür.
- Bu vəzifədə rəqibinizin olmamasından necə zövq alırsınız?
- Mən güləşçi olmuşam. Hətta bir dəfə yarışda rəqibim gəlmədiyi üçün çox üzüldüm. Mübarizə aparmağı çox sevirəm. Mən əgər bir işdən zövq almasam, gedərəm.
- Premyer Liqada klubsuz qalan futbolçular I Divizionda da oynaya bilmirlər. Limit dəyişimi olacaq?
- Limit dəyişimi olacaq.
- Sizin məvacibiniz nə qədərdir?
- 1100 manat.
- Bəs, Hakimlər komitəsinin sədri nə qədər maaş alır?
- Onu bilmirəm.
- Kubokun final matçında “Qarabağ” – “Neftçi” matçında polislər azarkeşləri döymüşdülər. Bu işləri necə tənzimləmək olar? Hətta siz açıqlama vermişdiniz ki, polislər haqlıdırlar...
- Bakıda yol polisi olmasa, bizim canavarlar şəhərdə min hoqqadan çıxarlar. 12 yaşlı uşağı polis vurmaz. “Neftçi” – “Xəzər Lənkəran” oyununda da çox əziyyət çəkmişdik. Gül kimi açılış etdi. Heç kim qiymət vermədi. Bir təpik, bir şillə mənim əziyyətimi yerə vurdu. Günün altında qalıb əziyyət çəkmişdim. Mən polisə üstünlük verirəm. Polis işçisi olduğum üçün belə demirəm. Mən haqqın tərəfdarıyam. Polislər olmasa, Allah bilir, bəlkə də bir-birimizin ətini yeyərik.
- Oyundan əvvəl polislərə PFL təlimat keçir?
- Hər oyundan əvvəl oyuna cavabdeh olan polis rəhbərinə təlimat verilir. “Neftçi” – “Qarabağ” (0 – 1) matçında tapşırmışdım ki, fişəng yandıranlara dəyməyin.
- Əvvəllər ayın ən yaxşı qolu, oyunçusu seçilirdi. İndi isə yox...
- Bu, heç bir effekt vermədi
- Yerinizə namizəd kimi görürsünüz?
- Mənim işim sizə asan gəlməsin. Bayaq maaşımı soruşdunuz. Vəzifəm asan deyil. Dəli ilə dəli kimi, ağılllı ilə də ağıllı rəftar etmək lazımdır. Bəzən Rövnəq müəllimdən xahiş edirəm ki, məni mühafizəçi qoysun. Demirəm ki, kasıbam. Şükr Allaha dolanırıq.
- I Divizionda neçə klub mübarizə aparacaq?
- 12 klubun iştirakı gözlənilir. “Səbael” klubu artıq mübarizə aparacaq. “Şuşa Qarabağ”da məktub ünvanlayıb. Lakin onların maliyyə problemləri var. Bundan əlavə, daha bir klubun da iştirakı gözlənilir. “Şuşa Qarabağ”ı elə mən yaratmışam. Nadir Qasımov bu komandada bir futbolçu da yetişdirmədi. Ona hörmətim var. Amma olanı deyirəm. “Şəmkir”i də futbola qaytardım. Onlar da futbolçu yetişdirmədilər. I Divizionda komandaların birinə nəzarət edəcəm, baxın, az miqdarda necə klub idarə edirlər.
- Premyer Liqada sonuncu yeri tutan komanda I Diviziona düşəcək?
- Əgər 12 komanda olsa, xeyr.
saytlarin hazirlanmasi