"Bildiyiniz kimi, təlim-məşq toplanışımızın ilk hissəsi Bakıda olmuşdu. Burdakı hazırlıq prosesindən sonra bir yoxlama görüşündə iştirak etdik və Türkiyəyə yollandıq. Türkiyə toplanışı ürəyimcə oldu və kifayət qədər yüksək səviyyədə keçdi. Hər şeydən razı qalmışam. Həqiqətən, futbolçular özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Ancaq çempionata tam hazır olduğumuzu dəqiqliklə deyə bilmərəm. İlk görüşlərdən sonra bu məsələlər barədə danışa bilərik. Ardıcıl olaraq "Qarabağ”, "Qəbələ” və "Kəpəz” komandalarına qarşı oynayacağıq. Adlarını çəkdiyim hər üç komanda Avrokuboklarda oynayıb. Heyətlərində səviyyəli futbolçular var. Bir sözlə, asan olmayacaq. Ancaq biz hazırlıqlarımızı davam etdririk. Yaxşı mövqedə qərarlaşmaq üçün maksimum gücümüzü ortaya qoyacağıq”.
Sportal.az xəbər verir ki, bu sözlər Bakının "İnter” klubunun baş məşqçisi Zaur Svanadzeyə məxsusdur. "İnter” ötən gün təlim-məşq toplanışı çərçivəsində "Qaradağ Lökbatan” klubu ilə üz-üzə gəlib. Qarşılaşma "bankirlər”in 2-0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra əməkdaşımızın suallarını cavablandıran gürcü mütəxəssis komandaya cəlb olunan yeni transferlərdən də söz açıb:
"Yay transfer dönəmində komandaya yaxşı futbolçular cəlb etdik. Yeni gələnlər yoxlama oyunlarında özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Mən futbolçuların durumundan razıyam. Ancaq bunlar yoxlama matçları idi. Bizim üçün önəmli olan futbolçuların çempionat oyunlarında necə təsir bağışlayacaqlarıdı. İnanıram ki, hər şey yaxşı olacaq. Düz vurğuladınız ki, Nika Kvekveskirinin gedişi komandamız üçün ciddi itkidi. Biz onu komandada saxlamaq niyyətinmdə idik, ancaq alınmadı. "Qəbələ”nin təklifi bizimkindən daha yaxşı idi. Biz onun üçün qırmızı işıq yandıra bilməzdik. Çünki onun komandamızla müqaviləsi başa çatmışdı. Sevindirici haldı ki, Nika yeni komandasında da öz sözünü deməyi bacarır. Ümumiyyətlə, yeni transferlərin gedənlərin yerini doldurub-doldurmayacağını zaman göstərəcək. Tam olaraq istədiyimiz oyunçuları gətirdiyimizi deyə bilmərəm. Əlbəttə, mənim istəyim komandanın daha güclü olmasıdı. İki-üç legioner futbolçu ilə güclənsəydik, yaxşı olardı. Lakin maliyyə vəziyyətimiz buna imkan vermədi. Ümid edirəm ki, çempionatda hər şey yaxşı olacaq”.
Təcrübəli mütəxəssis Premyer Liqanın ilk turunda "Qarabağ”a qarşı keçirəcəkləri oyun haqqında bunları söyləyib:
"Güclü komandaya rəqib olmuşuq. Hamı "Qarabağ”ın gücünə bələddi. Düzdü, bütün komandalar çempionata qələbə ilə başlamaq istəyir. "Qarabağ”ın iki heyəti var. Onların Çempionlar Liqasında çıxış etməsi və yorğunluq amili bizə üstünlük vermir. Çünki "Qarabağ”da heyətlə bağlı problem yoxdu. Bir heyəti Çempionlar Liqasında oynasa, digəri də çempionatda bizə qarşı oynayacaq. Ancaq indidən ümidimizi itirmək niyyətində deyilik. Şansımız var və bundan maksimum yararlanmağa çalışmalıyıq”.
saytlarin hazirlanmasi