2013-2015-ci illər ərzində Bakı “İnter”ində çıxış etmiş xorvatiyalı futbolçu Matiya Şpiçiçlə söhbətləşdik.
Sportal.az xəbər verir ki, “Dinamo” Tiblisinin (Gürcüstan) 28 yaşlı müdafiəçisi Azərbaycan futbolu ilə yanaşı, ölkəmizdə yaşadığı unudulmaz xatirələrdən də danışdı:
- Əvvəlcə “Dinamo”dakı (Tiflis) karyeranızla bağlı danışardınız. İşləriniz necə gedir, hər şey yaxşıdır?
- Əminliklə deyə bilərəm ki, burada hər şey yaxşıdır və məni qane edir. Gürcüstanda nəsə əskikliyim yoxdur.
- “Dinamo”ya keçidiniz necə alındı? Bu ölkəyə getməmişdən əvvəl gürcüstanlı keçmiş baş məşqçiniz Kaxaber Sxadadzedən nəsə məlumat aldınız?
- “Dinamo” Gürcüstanın böyük klublarındandır. Tiflis təmsilçisi burada böyük ənənələri olan və ən titullu klubdur. Təəssüf ki, “İnter”dən ayrıldıqdan sonra Kaxaber Sxadadze ilə əlaqəmiz olmayıb. Lakin sabiq komanda yoldaşlarım Aleksandr İaşvili, Aleksandr Amisulaşvili və Georgi Lomayadan bu barədə məlumat aldım.
- Azərbaycan və Gürcüstan qonşu ölkələrdir. Orada yeni olmağınıza baxmayaraq, bu iki ölkənin futbolu ilə bağlı nəsə fərqlilik görmüsünüz?
- Hesab edirəm ki, Azərbaycan və Gürcüstan futbolunu müqayisə etməyim çətin olar. Çünki hələ 2 aydır ki, buradayam və hələ yerli çempionat da başlamayıb.
- “İnter”i tərk edəndən bəri Azərbaycan çempionatı ilə maraqlanmısınız? Yəqin ki, məlumatınız olar, yeni mövsümdən Azərbaycan Premyer Liqasında 10 yox, 8 komanda iştirak edəcək. Sizcə, bu amil ölkə futboluna mənfi təsir edəcək, ya necə?
- Azərbaycandan gedəndən sonra orada futbolla bağlı baş verənləri izləyirəm. Əlbəttə, sabiq komandam “İnter”i daha yaxından təqib edirəm. Bəli, Premyer Liqadakı komandaların sayının azaldılması ilə bağlı məlumatım var. Hesab edirəm ki, bu, çox pis haldır və çempionatın səviyyəsini aşağı salır.
- 3 ilə yaxın Azərbaycanda futbol oynadınız. Bu müddət ərzində hansı şəhərlərimizdə oldunuz, onlardan hansını daha çox xoşladınız?
- Ən çox Lənkəran, Zaqatala və Qəbələ şəhərlərində oldum. Çünki oralara səfər matçlarına gedirdik. Quba və Şahdağa səfər edə bilmədiyim üçün təəssüflənirəm. Eşitdiyimə görə oralarda yaxşı görməli yerlər var. Əlbəttə ki, ən yaxşı xatirələrim paytaxt Bakı ilə bağlıdır. Çünki orada yaşayırdım. Həqiqətən də deyə bilərəm ki, bu şəhər möhtəşəmdir, Avropaya oxşayır.
- Bəs Azərbaycan mətbəxi ilə aranız necə idi? Hansı yeməklərimizi daha çox xoşlayırdınız?
- Sizin mətbəxə çox tez öyrəşdim. Əlbəttə ki, çox sevdiyim yeməkləriniz də oldu. Dolmanı və quzu ətindən hazırlanmış yeməyi çox sevirdim. Onlar çox ləzzətli idilər.
- Siz oynadığınız müddətdə Azərbaycanda bəyəndiyiniz futbolçular kimlər idi? Həmçinin ən yaxşı baş məşqçi, qapıçı, stadion...
- Bəli, ölkənizdə çıxış edən futbolçularla bağlı yaxşı xatirələrim var. Məncə, Azərbaycanda ən yaxşı futbolçular Riçard Almeyda və Reynaldo Silvadır (hər ikisi “Qarabağ”). Sabiq baş məşqçim Kaxaber Sxadadzeni də ən yaxşı mütəxəssis kimi qeyd edərdim. Ölkənizdə bir çox stadionlarda çıxış etdik. Amma “Bakcell Arena”nı çox xoşlayırdım.
- Bir müdafiəçi olaraq, ölkəmizdə çıxış edərkən daha çox hansı futbolçulardan çəkinirdiniz? Onlardan hansına qarşı oynamaq sizə çətinlik yaradırdı?
- Müdafiəçi olaraq, ən çox hücumçularla üz-üzə gəlirdim. Deyə bilərəm ki, Reynaldo və Araz Abdullayevə (“Neftçi”) qarşı oynamaq çox çətin idi. Əlbəttə ki, bu siyahıya Leroy Corcun (“Qarabağ”ın sabiq futbolçusu) da adını əlavə edə bilərəm. Hollandiyalı forvarda qarşı oynamaq da çox təhlükəli idi.
- Premyer Liqamızda çıxış edərkən qollar da vurub, rəqib qapıçıları məyus etdiniz. Sizcə, Azərbaycanda ən yaxşı və ən zəif qapıçı kimlər idi?
- Məncə, ən yaxşı qolkiper İbrahim Şehiçdir (“Qarabağ”). Lakin ən pis qapıçının kim olduğunu demək çətindir.
- Yəqin ki, Azərbaycan milli komandasının oyunlarına baxmısınız. Sizcə, millimizin uğursuzluğu nədədir? Komandamız həmişə qrup mərhələsində qalır, uduzur.
- Bu barədə danışmaq çox çətindir. Azərbaycan millisinin qrup oyunlarında nəyə görə çox uduzmasının müxtəlif səbəbləri ola bilər. FİFA reytinqində yığmanızın əmsalı aşağıdır və buna görə də qrupda çətin rəqiblərlə üz-üzə gəlirsiniz.
- Hazırda Azərbaycan milli komandasına həmyerliniz Robert Prosineçki başçılıq edir. Sizcə, bu məşqçi yığmamız üçün düzgün seçimdir, onunla nəsə uğur əldə edə bilərik? Prosineçkini daha yaxından tanıyan biri kimi nə deyə bilərsiniz?
- Deyə bilmərəm ki, Prosineçki ən yaxşı məşqçilər sırasındadır, lakin bir az da səbirli olmağa ehtiyac var. Əminəm ki, o, tezliklə milli komandanız üçün daha yaxşı işlər görəcək.
- Sonda sizə belə bir sual vermək istərdim. Təbii ki, hər ölkədə yaşayanda unudulmaz xatirələr olur. Azərbaycanda yaşadığınız müddətdə sizi heyrətləndirən nəsə oldu?
- Əlbəttə ki, oldu. Azərbaycana yeni gələndə şoka düşmüşdüm. Məni şoka salan sizin sürücülərin yolda maşın sürmələri idi. Hələ də yadıma düşəndə inana bilmirəm. Elə də maşın sürmək olar?! Dəhşət idi. (1xeber.com)