Ruslan Abışov: "Mən hər zaman rəqabətə hazır olmuşam"

11:49 - 1 Avqust 2016

"Ən minimum nəticəmiz Avropa Liqasına vəsiqə qazanmaq olacaq. Sözsüz ki, çempionluq üçün də oynayacağıq. Düşünürəm ki, buna gücümüz çatır”.
 
Sportal.az xəbər verir ki, bu sözlər milli komandamızın və Bakının "İnter” klubunun futbolçusu Ruslan Abışova məxsusdu. 
 
Təcrübəli müdafiəçi komandasının qarşıdakı mövsüm üçün planları barədə danışarkən bunları deyib:
 
"Düzdü, "İnter” hər zaman iddialı olub və medallar uğrunda mübarizə aparıb. Bu il də elə olacaq. Əlbəttə, ilk turlarda müəyyən qədər çətinliklər ola bilər. Önəmli olan, ilk 3 turu yaxşı nəticələrlə başa vurmaqdı. Düşünürəm ki, yaxşı başlasaq, getdikcə komandada hər şey daha da mükəmməl olacaq. İlk turlarda bizim üçün çətin rəqiblər düşüb. "Qarabağ”, "Qəbələ” və "Kəpəz” lə oynayacağıq. İnanıram ki, hər şey bizim üçün yaxşı başlayacaq və yaxşı davam edəcək”. 
 
Abışov ötən mövsüm zədələr səbəbindən ideal formada olmayıb. Futbolçu hazırkı durumu haqqında bunları deyib:
 
"Hər şey mənim özümdən asılıdı. Mən hər zaman rəqabətə hazır olmuşam və həmişə rəqabətin tərəfdarıyam. Kim güclüdüsə, o da oynayacaq. Mən əlimdən gələni edəcəm ki, həm "İnter”də, həm də milli komandada yenidən əsas heyətdə oynayım. Düzdü, zədələrdən sonra çətin məqamlar oldu.  Şükürlər olsun, yaxşı təlim-məşq toplanışı keçmişəm və özümü çox yaxşı hiss edirəm. Vaxt keçdikcə, oyundan-oyunda daha da optimal formaya düşəcəm”.
 
"İnter”in Premyer Liqanın ilk turundakı rəqibi son çempion "Qarabağ”dı. Ruslanın fikrincə, Ağdam klubu Çempionlar Liqasında oyunları olmasına baxmayaraq, "İnter”lə oyuna optimal heyətlə çıxacaq:
 
"Təcrübə göstərir ki, "Qarabağ” həm Çempionlar Liqasında, həm də Premyer Liqada çox yaxşı çıxış edir. "Qarabağ”ın geniş heyəti və yaxşı yerli futbolçuları var. Önəmli olan, bizim öz çıxışımızdı. "Qarabağ"la ilk turda qarşılaşmağı istəməzdim. Artıq püşk atılıb. Yaxşı hazırlaşmalıyıq. Ən əsas da psixoloji cəhətdən "Qarabağ”la oyuna çox yaxşı hazırlaşmalıyıq”.

Xəbər xətti