"İnter”in kapitanı Nizami Hacıyevin Sportal.az saytına müsahibəsi:
- Komandanız yeni mövsümə nə dərəcədə hazırdı?
- Artıq təlim-məşq toplanışlarını başa vurmuşuq. İki hissədən ibarət toplanış keçmişik. Yüksək səviyyədə hazırlıq keçmişik. Yaxşı məşqlərimiz olub. Mən deyərdim ki, komanda çempionata yüz faiz hazırdı. Artıq "İnter”in gücünü hamıya göstərməliyik. Əfsuslar olsun ki, cəriməmiz bizi Avrokuboklardan kənarda qoydu. Bu il əlimizdən gələni etməli və Avrokuboklara vəsiqəni təmin etməliyik. Komandamız yüksək səviyyədədi. Çalışmalıyıq ki, çempionatın startında öz sözümüzü deyək.
- Premyer Liqanın ilk turunda "Qarabağ”la qarşılaşacaqsınız. "İnter” də bu mövsüm çempionluğa əsas namizədlərdən biri kimi göstərilir. Necə düşünürsən, çempionluq uğrunda mübarizə ilk turdan başlayacaq, yoxsa...
- Əlbəttə, çempionluq uğrunda mübarizə ilk turdan başlayacaq. Bizi həddindən artıq çətin marafon gözləyir. Ümumiyyətlə, heç kimin düşünmədiyi qədər çətin olacaq. Artıq çempionatda 8 komanda mübarizə aparacaq. Hal-hazırda zəif rəqib yoxdu. Bu gün bütün rəqiblərdə xal almaq asan olmayacaq. Mən deyərdim ki, qazandığımız hər bir xal bizim üçün önəmli olacaq və çempionluq uğrunda mübarizə ilk turdan başlayacaq.
- Necə düşünürsən, "İnter”in heyəti çempionluq üçün yetərlidimi? Nəzərə almaq lazımdı ki, "İnter” yay transfer dönəmində 11 futbolçu ilə güclənib....
- Düz qeyd etdiniz. Yeni futbolçuların çox milli komandamızın futbolçularıdı və bu çox sevindirici haldı. "İnter” in heyətində yerli futbolçuların çoxluq təşkil etməsi hər kesi sevindirir. Bu, artıq hər birimizə siqnaldı, işarədi ki, artıq çempionluğun vaxtıdı. Bir yerə yığışıb nəticəni əldə etməliyik. Əlbəttə, çempion olmaq olar. Niyə də olmasın? Heç kim "Lester”in çempion olmasını gözləmirdi, amma "tülkülər" İngiltərə çempionu olmağı bacardı. Mən deməzdim ki, biz yüksək ambitsiyaya malik komandayıq, yox. Amma bizim qarşımıza məqsəd qoyulub və bunu yerinə yetirə biləcək futbolçularımız var. Əlimizdən gələni etməli və çempionatda adımıza layiq nəticəni qazanmalıyıq.
- Belə deyək, "İnter” bu il daha açıq beyinlə futbol oynayacaq. Yəni pul və digər problemlərin dərdini çəkməyəcəksiz. Yoxsa, yenə bizim bilmədiyimiz problemlər var?
- Xeyr, heç bir problem yoxdu. Yeganə problem futbol oynamaq və qələbə qazanmaqdı. Rəhbərlik öz üzərinə düşən bütün işləri qaydasına qoyub. Yeni rəhbərliyin gəlişindən sonra komandada bir çox dəyişikliklər olub. Hər şey yüksək səviyyədədi. Bizə yalnız nəticə əldə etmək qalıb.
- Ötən mövsüm bir neçə futbolçu komandadan getdi. Məsələn, aparıcı futbolçulardan Nika Kvekveskiri və uzun müddət komandanın formasını geyinən Georgi Lomaya... Ümumiyyətlə, hansısa futbolçunun getməsinə üzülürsənmi?
- Əlbəttə, Nika yaxşı futbolçu idi və oyun qurmaq bacarığına malik idi. Düzdü, Nikanın bəzi mənfi cəhətləri var idi. Amma onun ən yaxşı xüsusiyyəti topu meydançanın ortasında saxlamaq və hücumçuların arxasında paylamaq idi. Düşünürəm ki, əvəzedici futbolçu yoxdu. Nikanın yerində oynamaq bacarığında olan bir neçə futbolçumçuz var. Orta sahədə oynamaq bacarığında olan bir neçə gənc və perspektivli futbolçumuz var. İnanıram ki, onlar Nikanın yerini doldurmağı bacaracaqlar. Gedişinə üzldüyüm yeganə futbolçu Georgi Lomaya olub. Loma ilə çox münasibətlərimiz olub, dostluq eləmişik və indi də danışırıq.
- 8 komandalı çempionat haqqında nə düşünürsən? Bunun hansı mənfi, hansı müsbət cəhətləri var?
- Bu məsələyə şərh bildirmək futbolçunun işi deyil. Bu, AFFA və PFL-in verdiyi qərardı. Mən bu barədə danışmaq istəmirəm. Çünki AFFA-da hörmət etdiyim insanlar işləyir. Ola bilər ki, mən şərh edərəm və həmin insanların xoşuna gəlməz. Sabah 5 komanda olsa da, oynamağa məcburuq. Mən futbolçuyam və meydançada vəzifəmi yerinə yetirirəm. Gələcəkdə klub rəhbəri olsam, klub rəsmisi olsam məsələ haqqında danışa bilərəm.