Qurban Qurbanov: "Qismətimizdə yoxdursa, barışmalıyıq" MÜSAHİBƏ

23:04 - 2 Avqust 2016

“Qarabağ” ÇL-nın III təsnifat mərhələsində “Viktoriya” Plzenlə 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra Çexiya klubu turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz “Qarabağ” isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

Çətin olacağını bilirdik. Futbolçularıma təşəkkür edirəm. Bəzən futbolda istəmədiyimiz nəticələr də olur. İstədiyimiz qolu vurduq. Amma hesabı qoruya bilmədik. Rəqibi təbrik edirəm. Diqqətimizi çempionata və Avropa Liqasına yönəltməliyik.

 

- Sizcə, son iki əvəzetmə artıq deyildi?

- Futbolçuların üzərinə böyük yük düşürdü. Rəqib getdikcə təzyiqi artırırdı.  “Viktoriya” meydana 3 hücunmçu buraxdı. Əvəzələmələrin oyuna mənfi şəkildə təsiri olmadı. Oyunun gedişatı bunu tələb edirdi.

 

- Avropa Liqasına köklənə biləcəyikmi?

- Futbol elə bir oyundur ki, istənilən hesaba hazır olmalısan. Hamımız bu oyunu yaddan çıxarmağa çalışacağıq. Təzyiqdən çıxmalıyıq. Artıq məğlub olmuşuq. Daha da çox çalışmalıyıq.

 

- “İnter”lə oyunda daha çox zərbə almışdız, yoxsa bu oyunda?

- Dediyim kimi, futboldur. Nəticələrə hazır olmalıyıq. Ümidimizi itirməməliyik. Qismətimizdə yoxdursa, barışmalıyıq. Ən azından oyunumuzdan azarkeşlər həzz aldı. Nə “İnter”i, nə də bu oyunu həmişə fikirləşməməliyik.

 

- Artıq ikinci dəfə bəxt sizdən üz döndərdi. Qismətdir yoxsa bəxt sizdən üz döndərib?

- Qismətimizdə belədir. Barışmalıyıq. Belə bir turnirdə sona qədər mübarizə aparmaq istəyirdik.

 

- Reynaldo ötürmə verməyi xoşlamır. Niyə öyrənə bilmir? Sizcə, Reynaldo niyə belə edir?

- Öyrənməmək düz çıxmır. Biz futbolçulardan lazım olanları tələb edirik. Reynaldonun hücumçu olduğunu nəzərə almaq lazımdır.

 

- Bu gün çempionatın zəifliyi belə oyunlarda öz təsirni göstərir?

- Çexiya çempionatı bizim Liqadan daha güclüdür. Amma biz rəqibdən zəif oynamadıq. Əlbəttə  çempionat güclü olsa, futbolçu da inkişaf edər.

 

- Elvin Yunuszadə meydana daxil oldu və rəqib qol vurdu. Sizcə bu olmasaydı, hesab 1:0 bitərdi?

- Oyunu udsaydıq, başqa fikirlər olacaqdı. Oyunun gedişatına görə, əvəzetmələr etdik. Rəqib 1 qol şansı yaratdı və istifadə etdi.

 

- İlk oyunda hücum futbolu oynasaydınız, olmazdı?

- Səfər oyunu çətin olur. Ev oyunu isə nisbətən rahat olur. Futbolçualr azarkeşləri önündə daha rahat olur. Səfərdə daha diqqətli oynadıq və müdafiəyə fikir verdik.

Xəbər xətti