Tale Heydərov: "Lill" "Qəbələ" ilə bacarmadı"

01:09 - 5 Avqust 2016

"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsində Fransanın "Lill" klubunu 1 - 0 hesabı ilə məğlub edərək pley off-a vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra əyalət klubunun prezidenti Tale Heydərov jurnalistlərin suallarını cavablandırıb. O, çətin qələbə qazandıqlarını deyib:

 

"Lill"ə qalib gəlmək çox çətin idi. Əminəm ki, hamı üçün çox həyəcanlı gün oldu. Çox şadam ki, bu mərhələni keçdik. Səfərdə aldığımız 1:1 nəticəsi bizim üçün çox əlverişli idi, lakin "Lill" komandası da bu gün qələbəyə köklənmişdi. Onlar əllərindən gələni etməliydilər ki, bu mərhələni keçsinlər. Bunun üçün ən güclü futbolçularını heyətə salmışdılar. Ancaq bu gün "Lill" "Qəbələ" ilə bacarmadı".

 

Klub prezidenti qeyd edib ki, "Qəbələ" bu qələbə ilə kifayətlənməməlidir:

 

"Demək olmaz ki, “Qəbələ”nin çəkinəcəyi bir rəqib yoxdur. Çünki pley-offa çatmış komandalar hər halda öz güclərini göstəriblər. Komanda istirahətdən sonra növbəti qələbələrə köklənməlidir. Bu gün qələbədə azarkeşlərin rolu çox böyük oldu. Jurnalistlərə öz təşəkkürümü bildirirəm ki, onları stadiona dəvət etdilər. 12-ci oyunçu azarkeşlər idi. Fikrimcə, builki heyətimiz daha yaxşı nəticə göstərməyə borcludur. "Qarabağ" çox güclü rəqibdir. Çətin olacaq, amma əlimizdən gələni edəcəyik ki, çempion olaq”.

 

Tale Heydərov ölkədə yerli oyunçuların azlığından da şikayətlənib:

 

"Bu, bizim ən böyük problemimizdir. Mən deyərdim ki, yerli futbolçuların kifayət qədər olmaması Azərbaycan futbolunda çatışmayan cəhətdir. Bizim akademiya bu yolda kifayət qədər işlər görür”.

Xəbər xətti