"Qəbələ" - "Lill" matçından (1 - 0) sonra "qırmızı-qaralar"ın kapitanı Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az təcrübəli futbolçunun müsahibəsini təqdim edir:
"Lill"lə oyun haqda çox şey deməyə ehtiyac yoxdur. Komandanın adı bizə kifayət edir ki, motivasiya olaq. Oyuna çox ciddi hazırlaşmışdıq. Səfərdən yaxşı nəticə ilə qayıtmışdıq. Bu gün də pis oynamadıq. Düzgün oyunla qələbə qazandıq.
- "Lill"i mübarizədən kənarlaşdırmağı sürpriz hesab etmək olar?
- Açığı, mən buna sürpriz deməzdim. Sürpriz bir oyunda olar. Fransada heç-heçə etdik, burda da qələbə qazandıq. Bundan əvvəl də MTK Budapeşti iki oyunda da məğlub etmişdik. Komandamız yaxşı formadadır. əlimizdən gələni edəcəyik ki, qrup mərhələsinə vəsiqə qazanaq. İstəyirik ki, həm "Qəbələ"ni sevənləri, həm də sevməyənləri sevindirək.
- "Lill"lə hansı oyun daha çətin oldu,
- Mənə elə gəlir ki, səfərdəki oyunun ikinci hissəsi daha çətin olmuşdu. O da yorğunluqla bağlı idi. Uzaq yol getmişdik.
- 80-ci dəqiqədən sonra komandada yorğunluq hiss olunurdu. Bunun səbəbi nədir?
- Hesabda öndə idik. Rəqib də təbii olaraq üzərimizə gəlir. Müdafiəçiləri də hücuma qoşulurdu. Matçın sonlarında 4-5 hücumçu ilə oynayırdılar. Məcbur edirdilər bizi geri çəkilməyə. Həm havanın isti olması, həm də rəqibin hücum etməsinə görə bir az yorğunluq yarandı. Bu da normaldır. Elə vəziyyətlərdə biz də əks hücumlarda təhlükəli epizodlar yaratdıq.
- Pley off-da qarşılaşmaq istədiyin və istəmədiyin rəqib var?
- III mərhələnin püşkatması zamanı 5 potensial rəqibimiz bilinəndə istəyirdim ki, "Lill"lə qarşılaşmayaq. Amma fransızlar bizə rəqib oldu. Ona görə də sabahkı püşkdə hansı rəqibin düşməsinin fərqi yoxdur. "Lill"i mübarizədən kənarlaşdırmışıqsa növbəti rəqibin kim olmasından asılı olmayaraq məğlub etməyə çalışacağıq.
- Komandanın yerli futbolçu transferinə ehtiyacı var?
- Güclü futbolçu tapmaq çətindir. Yaxşı yerli oyunçuların hamısının klubları ilə müqaviləsi var. Bizim heyətimizdə əvəzedici komandadan gələn istedadlı gənc futbolçularımız var. Bu heyətlə çempionluğa oynamağa çalışacağıq.
saytlarin hazirlanmasi