Teo Uiksdən "Şaxtyor" açıqlaması

10:30 - 5 Avqust 2016

"Daha əvvəl də çətin oyun olacağını demişdim. Hər şey gözlədiyim kimi oldu. Yaxşı oynadıq və mərhələ adlamağı bacardıq. Özümüzü çox yaxşı hiss edirik, çox sevincliyik. Bu, bizim üçün böyük uğur idi”.  

 

Sportal.az xəbər verir ki, bu sözlər "Qəbələ”nin futbolçusu Teo Uiksə məxsusdu. 
 
"Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Fransanın "Lill” komandasını 1-0 hesabıyla məğlub edib və pley-off mərhələsinə vəsiqəni təmin edib. Liberiya millisinin üzvü bildirib ki, Fransanın tanınmış komandalarından birini məğlub etdikləri üçün özünü xoşbəxt hiss edir:

 

"Fransa çempionatını 5-ci pillədə başa vuran məşhur "Lill” komandası ilə qarşılaşdıq. Etiraf etməliyəm ki, çətin rəqib idi. Fransadakı oyunun ikinci hissəsində yaxşı mübarizə aparmışdıq. Ancaq cavab oyununda bütün meydança bizə məxsus idi. Sona qədər mübarizə apardıq. Azarkeş və doğma meydan amili də oyunumuza əlavə güc verdi. Mərhələ adladığmız üçün özümü xoşbəxt insanlardan biri hiss edirəm. Artıq qrup mərhələsinə vəsiqə qazanmaq şansımız var”. 
 
Uiks bildirib ki, növbəti oyunlarda daha yaxşı mübarizə aparacaqlar:

 

"Bəli, bu gün yüksək səviyyədə oynadıq. Motivasiyamız çox yüksək səviyyədə idi. Deyərdim ki, rəqibin adı bizə əlavə güc verirdi. Belə davam etməliyik. İnanıram ki, növbəti matçlara daha böyük motivasiya ilə çıxacağıq”. 
 
 

26 yaşlı futbolçunun xidmətində Ukraynanın "Şaxtyor” komandasının maraqlı olduğu bildirilir. Uiks bu məsələ haqqında da danışıb:

 

"Bəli, məsələdən müəyyən qədər xəbərim var. Ancaq bu dəqiqə "Şaxtyor” barədə düşünmürəm. Məqsədim "Qəbələ”yə kömək etmək və daha da irəli getməkdi. Əgər gələcəkdə təklif olsa, "Qəbələ”dən gedə bilərəm. Futbolçu karyerası belədi. Gələcək karyeram haqqında da düşünməliyəm”. 

Xəbər xətti