Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ” doğma azarkeşləri önündə Fransanın "Lill” komandasını 1-0 hesabıyla məğlub edib və pley-off mərhələsinə vəsiqəni təmin edib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın yeganə qolunun müəllifi olan Filip Ozobiç matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyun haqqında fikirləriniz necədir?
- Fikrimcə, çox yaxşı futbol sərgilədik. Bu əsas hədəf və əsas uğur deyil. "Play-off"u da keçməli və qrup mərhələsində vəsiqəni təmin etməliyik. "Lill”lə qarşılaşmalarda baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirdik. Düşünürəm ki, bu qələbə qrup mərhələsinə olan şansımızı bir qədər də artırdı.
- Heç kim "Qəbələ”nin "Lill”i keçə biləcəyini düşünmürdü. Bu qələbəni sürpriz hesab etmək olarmı?
- Düzdü, komandamız cütün favoriti deyildi. Ancaq sübut etdik ki, istənilən rəqibə qarşı oynaya bilərik. Bu cür qələbə əldə etdiyimiz üçün özümüzü xoşbəxt hiss edirik.
- Qol zamanı zərbədən sonra nə düşündünüz?
- Zərbəni vuran kimi topun qapıya tərəf istiqamət aldığını gördüm. Başladım qol sevincimi qeyd etməyə.
- Vurduğun zərbənin qol olacğına inanırdın?
- Bəli. Qol olacağını gözləyirdim. Çünki fikirləşərək zərbə vurmuşdum.
- Pley-off mərhələsində "Qəbələ”dən hansı nəticəni gözləyə bilərik?
- Əvvəlcə rəqibin hansı komanda olduğunu bilmək lazımdı. İndidən bu barədə danışmaq düzgün olmaz. Əgər yaxşı oynayırıqsa, heç bir rəqibdən çəkinməməliyik.
- Matçın gedişi zamanı zədələndiniz və oyunu yarımçıq tərk etdiniz. Durumunuz necədir?
- Yox, o qədər də ciddi deyil. Zərbə aldım ayağıma, ağrılarım var idi, əvəzlənməyi istədim. Gələn oyunda oynaya biləcəyimi düşünürəm.