Eltun Yaqublu: "Avropalı futbolçularla müqayisədə bizdə tənbəllik var" MÜSAHİBƏ

16:16 - 7 Avqust 2016

“Neftçi”nin bu mövsüm üçün gerçəkləşdirdiyi yeni transferlər arasında “Qarabağ”ın futbolçusu Eltun Yaqublu da var. Əslində, “Neftçi” Eltun üçün yad klub deyil. Çünki Yaqublu 2012-ci ildə məhz bu klubdan “Qarabağ”a yollanmışdı. Həm də Eltun “Neftçi” klubunun yetirməsidir. 25 yaşlı müdafiəçinin “Neftçi”yə keçidi barədə, həm də karyerası ilə bağlı danışmaq üçün onunla görüşmək qərarına gəldik. Eltun Yaqublunun Sportal.az saytına müsahibəsini təqdim edirik.

 

Eltun, artıq 25 yaşına çatmısan, ancaq hələ də Azərbaycan futbolunda ciddi şəkildə adından söz etdirə bilməmisən. Sənə mane olan nədir?

Gənc vaxtlarımda “Neftçi”dəydim. O zamanlar təcrübəli futbolçularla rəqabət apara bilmirdim və oynamadığımı görüb klubumu dəyişmək qərarına gəldim. Getdim “Qarabağ”a, orada da güclü futbolçular yığışdığından heyətə düşə bilmədim. Get-gedə bir qədər passivlik yarandı və heç cür özümü isbatlaya bilmədim.

 

Daha sonra karyeranda AZAL dönəmi oldu. Oradakı çıxışını özün üçün uğurlu sayırsan?

Məncə, pis alınmadı. 15-16 oyunda meydana çıxdım. Tərlan Əhmədov məni komandada saxlamaq istəyirdi. Lakin Qurban Qurbanov “Qarabağ”a qayıtmağımı istədi. Ona görə də, AZAL-dan ayrılmalı oldum.

 

Amma “Qarabağ”da yenə də oynamaq imkanı qazanmadın. AZAL-dan ayrılmağına peşman deyilsən ki?

Yox, peşman deyiləm. Ötən mövsüm “Qarabağ”da 5 oyunda iştirak etdim. Deməzdim ki, istedadım yoxdur. Sadəcə mənə elə gəlir ki, öz oyunumu tapmağım üçün ardıcıl 10 oyun oynamağım lazımdır ki, belə bir şans qazanmırdım. Həmişə özümə güvənmişəm. Amma çempionatın əvvəlində 2, ortasında 1, axırında 2 tur oynamaqla istədiyim səviyyəyə çatmağım çətindir.

 

Bəs, “Neftçi” variantı necə ortaya çıxdı?

“Qarabağ”la qarşılıqlı razılıq əsasında yollarımız ayrıldı. Futbola “Neftçi”də başlamışam, bu klubun yetirməsiyəm. Yəni, “Neftçi”yə keçidimdə heç bir problem olmadı. Komanda ilə toplanış keçdim, qayıdandan sonra isə 2 illik müqaviləyə imza atdım.

 

Özün də qeyd elədin ki, rəqabət böyük olan klublara düşdüyündən oyun praktikası qazanmaqda çətinlik çəkmisən. Qorxmursan ki, “Neftçi”də də eyni aqibətlə üzləşərsən?

Çox götür-qoy elədim. Ancaq bugünkü heyətə baxanda, gənclərin çoxluq təşkil etdiyini görürük. Bura oynamaq ümidi ilə gəlmişəm. Başqa variantlar da var idi. Ancaq “”Neftçi”ni seçdim, çünki bu komandada oynayan futbolçuların çoxunu tanıyırıam. İnanıram ki, “Neftçi”də özümü göstərə biləcəyəm.   

 

Səninlə aşağı yaş qruplarında oynayan xeyli istedadlı futbolçular var idi. Onların arasında Araz Abdullayevi və başqalarını da qeyd eləmək olar. Lakin çoxları öz istedadlarından lazımınca yararlana bilmirlər. Niyə?

Əslində, səbəblər çoxdur. Əsas səbəblərdən biri də, mən də daxil olmaqla, yerli futbolçularda tənbəlliyin olmasıdır. Avropalı futbolçularla müqayisədə bizdə tənbəllik var.  Bəlkə də buna görə potensialımızdan yararlana bilmirik. Həqiqətən də əksər futbolçularımızın 19-20 yaşına qədər yaxşı təsir bağışladığını görürük, sonradan isə artırmadığına şahidlik edirik.

 

Xəbər xətti