Qurban Qurbanov: "Tənqidləri pis qəbul eləsəm, gərək elə bu gün karyeramı bitirəm" MÜSAHİBƏ

22:33 - 7 Avqust 2016

Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə “İnter”ə məğlub olan (1:2) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, Qurbanov oyun barədə bunları deyib:
 

Yeni mövsümün başlaması münasibətilə hamını təbrik edirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Məğlub olduq. Bunu normal qəbul edirəm. İlk oyunumuzdu. Qarşıdakı oyunlarda daha istəkli və nəticəyə oynayacağımızı gözləyirəm.

 

- Qolu Rəşad Sadıqovun ayağına yazmaq olar?
- Qolu ayrı-ayrı oyunçuların ayağına yazmağın əleyhinəyəm. Bu məğlubiyyətdə “Viktoriya” ilə oyunlarında da rolu olmadı. Sadəcə, belə alındı.

 

- Namiq Ələsgərov tam sağalıb?
- Yavaş-yavaş formasını bərpa edəcək. Təki bundan sonra zədəsi olmasın.

 

- Məğlubiyyətə səbəb kimi uzun müddət süni örtükdə oynamamağınızı səbəb kimi göstərmək olar?

- Meydançanı səbəb göstərmək olmaz. Bu meydançada çox qalib gəlmişik. Əlbəttə, ot örtüyü ilə müqayisə etmək olmaz...

 

- Avroliqadakı rəqibiniz “Göteborq” barədə nə deyə bilərsiz?
- Rəqib haqda hələ ki, ətraflı məlumatımız yoxdu. Qarşıda 1 həftəmiz var. Bu komandanı ətraflı təhlil edəcəyik.

 

- Son illərdə haqqınızda daim təriflər olub. Son oyundan sonra isə tənqidlər artıb...
- Düşünmürəm ki, son 6 ildə ancaq mənim haqqımda tərif olub. Tənqidləri normal qarşılayıram. Tənqiddən tənqidə fərq var. Bir var gözləyirlər ki, uduzsun, tənqid edək, bir də var ki nəticəylə bağlı tənqid. Bu günə kimi heç kim barədə fikir bildirməmişəm. Hələ 44 yaşım var. Tənqidləri pis qəbul eləsəm, gərək elə bu gün karyeramı bitirəm. Çalışacam, bu tənqidlər mənim işimə mane olmasın. İnsan var ki, daim tənqid barədə düşünür. Sosial şəbəkələrə girmirəm. Bəlkə də, elə tənqid edənlər eyni adamdı.
 

 

- “Göteborq” keçiləsi rəqibdi? 

- Keçilməyəcək rəqib yoxdu. Ancaq kiçildiləsi rəqib də deyil. Bu futboldu. Çalışacağıq ki, bu oyunlara daha yaxşı hazırlaşaq. Bir az arzuolunmaz rəqibdi. Komanda oyunu oynayırlar. Atletik futbola üstünlük verirlər.

 

- İlk oyunun səfərdə olması xeyrimizədi?
- Viktoriya ilə oyunlarda xeyrimizə olmadı (gülür). Ümumiyyətlə ilk oyunun harda keçirilməsinin elə də əhəmiyyəti yoxdu.

 

- “Qəbələ”nin “Lill”i keçməsi sizə əlavə stimul verir?
- Əlbəttə, “Qəbələ” də ölkəmizi təmsil edir. Onların uğurları bizə əlavə stimul verir.

 

- Cari mövsümdə çempionluq yolunda “Qarabağ”ın əsas rəqibi kimi hansı komandanı görürsüz?
- Bunu oynadıqca görəcəyik. Futbolda hər şey olur.

Xəbər xətti