Milli komandamızın sabiq üzvü, hazırda Gürcüstanın "Kolxeti" klubunun şərəfini qoruyan Rasim Ramaldanov Sportal.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Artıq Gürcüstan çempionatında bir oyuna çıxmısan. Təəsüratların necədi?
- Bura mənim üçün çətin olmadı. Kollektiv çox yaxşı qarşıladı. Hamı isti münasibət göstərir. Özümü yad hiss etmirəm. İlk oyuna çıxdım. Hər şey yaxşı oldu. Əsas qələbə qazanmaq idi ki, bunu da bacardıq. Çətinlik yoxdur, əksinə legioner həyatı yaşamaq maraqlıdır.
- "Kolxeti"yə keçidin necə oldu?
- Başqa komandalara keçməyimlə bağlı söz-söhbətlər var idi. Amma heç biri dəqiq deyildi. Gözləmək isə olmazdı. Ona görə də Gürcüstana gəldim. "Simurq"dan komanda yoldaşım Dato Bolkvadze var idi. O, məşqçiyə deyib və məşqçilər maraqlandıqdan sonra məni "Kolxeti"yə dəvət etdilər.
- Komandanın hədəfi nədi?
- Əvvəl komandamızın güclü olmadığını deyirdilər. Amma yaxşı təlim-məşq toplanışı keçdik. Zaman keçdikcə də inkişaf hiss olunur. İndi hamı komandadan razıdı. Yüksək yerlər uğrunda mübarizə aparırırq. İstəyimizə nail olacağımıza inanıram.
- Yenidən milliyə çağırılacağına inanırsan?
- Əsas məqsədim yenidən milli komandaya qayıtmaqdı. Məhz buna görə "Kolxeti"yə gəldim. Klubumda əsas heyətin daimi üzvünə çevrilmək istəyirəm. Daha sonra burada oyunumla özümü göstərib, formamı bərpa edib milli komandaya çağırılmağımı istəyirəm. Əvvəlki formaya qayıdacağıma inanıram. Milliyə dəvət olunub-olunmamağım isə artıq məşqçilərin işidi.
- Gürcüstan futbolunda hansı fərqləri görürsən?
- Gürcüstanla Azərbaycan futbolu arasında elə də fərq hiss olunmur. Əsas fərq burada komandaların sayının bizdən çox olmasıdı (gülür). Başqa ciddi fərq yoxdu.
- Premyer Liqamızda 8 komanda iştitrak edir. Səncə bunun futbolumuza təsiri necə olacaq?
- Çempionatın 8 komanda ilə keçirilməsi həqiqətən pis oldu. Bu demək olar ki, heç bir ölkədə yoxdu. Belə şeylər mənim işim deyil, amma klubların sayı azaldıqdan sonra xeyli futbolçu işsiz qaldı. Premyer Liqada 8 komandanın olması məncə futbolumuza zərbədi. 1-ci turun bütün oyunlarının geniş icmalına baxdım. Bir də fürsətdən istifadə edib "Qarabağ" və "Qəbələ"yə Avropa Liqası matçlarında uğurlar arzu edirəm.
Elçin Əlixan
saytlarin hazirlanmasi