20 ildən sonra yaşanan "26-cı dəqiqə" YAZI+FOTOLAR

11:11 - 24 Dekabr 2016

“CBC Sport”un Azərbaycanın futbol millisinin Bakıda ilk qalibiyyətinə həsr olunan “26-cı dəqiqə” sənədli filminin təqdimatı keçirilib. “26-cı dəqiqə” millimizin 1996-cı ildə, DÇ-1998-in seçmə mərhələsi çərçivəsində Bakıda İsveçrə yığması üzərindəki 1:0 hesablı qələbə barədə çəkilib. 

 

Tədbiri açıq elan edən “CBC Sport”un baş direktoru Volkan Üst iştirakçıları salamlayıb və filmin yaradıcı heyətini səhnəyə dəvət edib. Tarixi qələbəmizin 20 illiyinə həsr olunan “26-cı dəqiqə” filminin layihə rəhbəri, müxtəlif beynəlxalq festivalların laureatı Azər Cavad Əliyev və müəllif Vəfa Ağabalayeva filmin necə ərsəyə gəlməsindən danışıblar. 

 

 

1996-cı ildə federasiya prezidenti olan Fuad Musayev və baş katibi Çingiz İsmayılov, baş məşqçi Kazbek Tuayevlə köməkçisi Böyükağa Ağayev, veteran futbolçular – Tərlan Əhmədov, Samir Ələkbərov, Yunis Hüseynov, Rüfət Quliyev, Arif Əsədov, İqor Getman və media nümayəndələri tədbirdə iştirak ediblər.

 

 

Sənədli filmdə adları çəkilən sabiq futbolçularla yanaşı tədbirdə iştirak etməyən Nazim Süleymanov, Qurban Qurbanov, həmçinin qürbətdə yaşayan Aleksandr Jidkov, Vyaçeslav Lıçkin, Deni Qaysumov, Rasim Abuşov və Ruslan İdiqov da çıxış edənlərdən idi. 

 

 

Bakıda keçirdiyi ilk rəsmi matçda millimiz inanılmaz hisslər yaşatmışdı bizə. Uzun illər keçsə də, unudulmayan, yaddaşımıza ömürlük həkk olunan bu məqamları mütəmadi xatırlayırdıq. Sənədli filmlə isə həmin illəri yaşadıq. Filmə baxan tamaşaçı özünü XX-ci əsrin sonlarında təsəvvür edirdi. Həmin tarix gözlərimizin önündə bu kinonun lenti ilə canlandı, qələbənin əzəmətini hiss etdik.

Həmin qələbənin möhtəşəmliyi və onun yaratdığı tarix bu filmin epizodlarından çox aydın görünürdü. Filmdə veteran futbolçuların fikirləri, oyunda yadda qalan epizodları və bunu canlandırmaqları da çox maraqlıdır və yaradıcı heyət ekran əsərində bunun təqdimatını gözəl şəkildə, tamaşaçıda nostalji hisslər yaradan bir formada verib. Tarixin başlanğıcını və yaranmaqda olan tarixi görürük filmdə.

 

Qələbənin memarları 20 ildən sonra həmin həyəcanı yaşadılar və alqışlandılar.

 

Ümid edirik ki, “CBC Sport” kanalı bu filmləri silsilə şəklində davam etdirəcək.

Xəbər xətti