Samir Abasov: "Futbol oynamağa deyil, Bakını gəzməyə gəlmişdilər" MÜSAHİBƏ

14:39 - 29 Dekabr 2016

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Sportal.az saytına müsahibə verib.

 

- Qış fasiləsinə 17 xalla yollandınız. Bu daha çox ola bilərdi?
- Aşağı-yuxarı bunun  üzərinə 3-4, bəlkə də 5-6 xal əlavə edə bilərdik. Buna görə bir az peşmançılıq var. 4-cü pilləni daha da möhkəmləndirə bilərdik. Amma sonrakı peşmançılıq fayda vermir. Fikrimcə, 5-6 xal əlavə edə bilərdik.

 

- Hansı oyunlarda qalib gəlməmək sizi daha çox heyfsləndirdi?
- “Kəpəz”lə oyunu qeyd edərdim. AZAL-la evdəki oyunda ilk hissədə bərbad oynamışdıq. 2-ci hissədə isə yaxşı çıxış etmişdik. Birinci hissədə də elə oynasaydıq qalib gələ bilərdik. Belə oyunlar var, sonradan fikirləşirsən ki, qalib gələ bilərdim və ya məğlubiyyətdən qaça bilərdik. Səfərdə də “Kəpəz”lə oyunda 10 nəfərlə qalan komandanı məğlub edə bilməmişdik. Amma stadion amilini də nəzərə alaraq deməliyəm ki, Gəncə səfərində 1 xal yaxşı nəticə sayılmalıdır.

 

- 2 iranlı futbolçu - Afşin İsmailzadəylə İbrahim Abednejadı və Vaqif Cavadovu heyətdən uzaqlaşdırdız...
- Gedən futbolçuların yerini doldurmağa çalışacağıq. İranlılardan narazı idim. Əgər biz onları qıraqdan gətiririksə, amma ehtiyatda qalırlarsa, bu razı sala bilməzdi. Əgər bura başqa fikirlə gəlirsə, Bakını görmək, gəzmək istəyirsə, mən onlara bu şəraiti yaradaram. Amma oynamağa gəlmisənsə, komandaya kömək etməlisən. Çempionatın gedişində də hər ikisinə demişdim. Onlarda futbol oynamaq və özlərini göstərmək fikirləri yox idi. Vaqif məsələsi isə bir az fərqlidi. Cavadovla danışdıq, başa saldıq ki, biz davam edə bilmərik. Dedik ki, yollarımızı ayırmalıyıq. İndi qurduğumuz komanda onun oyun sisteminə uyğun gəlmirdi. Biz istəyirik ki, komandamız kollektiv futbol oynasın. Komandadan bir-iki futbolçu "oturdusa", bizim üçün çətinliklər yaranır. Vaqif özü də özünü komandamızda görə bilmirdi. Ona görə də onunla yollarımızı ayırdıq. Vaqiflə heç bir problemimiz yoxdu.

 

- “Sumqayıt”da bir neçə futbolçu icarə əsasında çıxış edir. Həmin futbolçuları geri istəyən klublar var?
- Müqavilələri 1 illikdir. Həmin klublara da təşəkkür edirəm. Heç bir komanda belə bir müraciət etməyib. Müqavilələri pozulmayıb və yollarımıza davam edirik.

 

- Yerli futbolçu axtarışlarınız davam edir?
- Çalışırıq. Çox transfer olmayacaq. Çalışacağıq ki, 1-2 nəfər götürək.

 

- Leginer futbolçu keçidi alınacaq?
- Çətin məsələdir.

Xəbər xətti