Araz Abdullayevin transferinə sözardı QEYD

21:00 - 1 Yanvar 2017

Qış transfer pəncərəsinin ilk gurultulu keçidini “Qəbələ” reallaşdırdı. Düzdü, ölkəmizdə Araz Abdullayevə olan münasibət birmənalı deyil. Amma kimin nə deməsindən asılı olmayaraq, Araz Abdullayev Azərbaycan futbolunda yetişən ən istedadlı oyunçulardandı. Hətta bir qədər də uzağa gedib demək olar ki, Avropanın ortabab klublarında çıxış edəcək qədər böyük potensiala malikdi. Lakin bütün bunların fonunda Arazla bağlı ciddi bir (neçə) problem var.

 

O, potensialından lazımınca yararlana bilmir. Amma təbii ki, “Qəbələ” Arazı kor-koranə transfer eləməyib. Artıq bir neçə ildi ölkəmizdə çalışan Roman Qriqorçuk Premyer Liqamızda hamını yaxşı tanıyır. Bir müddət əvvəl “Neftçi”dən Ruslan Qurbanovu transfer eləmişdi. Arxada qalan dönəmdə “Qəbələ”də ən yaxşılardan biri elə həmin Ruslan oldu. İndi eyni vəziyyət Arazla bağlı yaranıb. Bu transferin uğurlu olacağına şübhəylə yanaşanlar da var. Ancaq gəlin unutmayaq ki, Qriqorçukun komandası sistemli futbol oynayır və komandada demək olar ki, hər bir futbolçu meydanda nə işlə məşğul olacağını yaxşı bilir. Yəni, Qriqorçuk Araz Abdullayevi öz sistemində görməsəydi, onu heç vaxt "Qəbələ"yə gətirməzdi. “Qəbələ”nin çalışdırcısı millimizin futbolçusunda həmin potensialı görür və böyük ehtimalla, həmin potensialdan yararlanmağın yollarını da bilir.

 

Bəs, Arazın digər problemləri?  Kənardan Araz çətin xarakterli futbolçuya bənzəyir. Amma bu barədə dəqiq fikir deyə bilməyəcəm. Sadəcə bir məsələ dəqiqdir ki, “Qəbələ”də çalışan Səbuhi Səfiyarlının Arazın xarakteri ilə bağlı məlumatları Qriqorçuka verməməsi mümkün deyil. Deməli, bu məsələ də ukraynalı mütəxəssisi narahat eləmir, çözüləsi problem kimi görür bunu Qriqorçuk. Bəs, həmişə Bakıda futbol oynayan (qısa Yunanıstan karyerasını nəzərə almasaq) Araz bölgədə sıxılmazki? Bax bunu zaman göstərər.

 

Ümumi baxanda, Araz Abdullayev “Qəbələ”nin gücünə güc qatmalıdı. Çempionatın birinci yarısında yerli futbolçu baxımından sıxıntı çəkən “Qəbələ” üçün Araz Abdullayevin transferi bir tapıntı sayılmalıdı. Roman Qriqorçuk da anlayır ki, Premyer Liqanın ən güclü futbolçularından biri Arazdı. İndi qalır onu komandanın sisteminə daxil eləmək. Bu da Qriqorçukun bacarığına bağlı məsələdi. Qriqorçukun bacarığına isə Premyer Liqamızda artıq hamı bələddi.  

 

Emin ABBASOV

Xəbər xətti