DÇ-2018-də mübarizəyə qoşulan millimiz azarkeşləri xeyli təəccübləndirdi. 4 oyuna qazanılan 7 xalla yanaşı, heyətə cəlb olunan yeni futbolçular da gələcəyə ümid verdi. Rusiya futbol məktəbini keçən iki futbolçu - Emin Mahmudov və Ramil Şeydayev böyük ümidlərlə milliyə gətirildi.
Ancaq onların milliyə xeyir verməsi üçün klublarında mütəmadi oyun praktikası qazanması lazımdı. "Trabzonspor”un hücumçusu Ramil Şeydayevlə bağlı vəziyyət qeyri-müəyyən qalsa da, Emin Mahmudov artıq “Boavişta”da əsas heyət üzvünə çevrilir.
Bu futbolçuların millimizə cəlb olunmasında AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyevin birbaşa iştirakı olub. Riad bəylə əlaqə saxlayıb, arxada qalan yarım mövsüm ərzində Emin Mahmudovun çıxışını dəyərləndirməsini istədik. Sportal.az saytına danışan AFFA rəsmisi millimizin futbolçusuyla bağlı bəzi məqamlara aydınlıq gətirdi:
“Hələ iki ay əvvəl müsahibə verəndə də demişdim ki, Emin Mahmudov çox böyük potensiala malik futbolçudu və onun “Boavişta”da öz oyununu tapacağına heç bir şübhəm yoxdur. Adətən bizim futbolçuların Avropada adaptasiyası çox çətin keçir. Amma bu, Eminə aid deyil.
Emin Mahmudovun “Boavişta”da ən böyük problemi baş məşçqi idi. Nədənsə Ervin Sançes onu heç 18-likdə görmürdü. Məşqçi dəyişdi və indi Emin bütün oyunlarda çıxış edir və öz oyunuyla bizi sevindirir. İnanıram ki, Emin Mahmudov “Boavişta”da əsas heyət oyunçusu olacaq. Hər şey buna doğru gedir”.
Qeyd edək ki, Emin Mahmudov 15-ci turda “Nasyonal”la (2:0) matçda Portuqaliyada qol hesabını açıb. 15 turdan sonra 17 xal toplayan “Boavişta” Portuqaliya Premyer Liqasında 10-cu pillədə yer alıb.
saytlarin hazirlanmasi