Tərlan Əhmədov AZAL rəhbərliyi qarşısında şərt qoyub, klubda bundan xəbərsizdilər

11:12 - 4 Yanvar 2017

“İkinci mövsümdü ki, pulsuz-parasız klubda işləyirəm. Qabaq iki-üç manatım var idi, onu da komandanın yolunda qoydum. Futbolçu gəlib 20-30 manat istəyir, verməsəm, olmur. Axı özlərinə də demişəm ki,.mən ilk növbədə sizin böyük qardaşınızam. Futbolçular məşqdən sonra evə getməyə yolpulu tapmır. Problemin içində itib-batmışıq. Keçən yay dedilər ki, bu çempionat qurtarsın, gələn dəfə yaxşı olacaq. Mən də futbolçuları ümidləndirdim ki, 1 il dözün, sonra düzələcək. Vaxt gəlib keçdi, heç nə dəyişmidi. İndi o ümid də yoxdu, siz deyin, mən nə edim? Rəhbərliyə də demişəm ki, arxayın olun, yeni ilədək burdayam. Ancaq bu dəfə də dəyişiklik olmasa, maaşlar artmasa, komanda güclənməsə, halallaşıb gedəcəm”. Bu açıqlamanı AZAL-ın baş məşqçisi Tərlan Əhmədov ötən ilin oktyabr ayında sportinfo.az saytına verib.

 

Tərlan Əhmədovun dediyi vaxt yetişib. Amma AZAL-da hansısa tərpəniş hiss olunmur. Klublar transfer bazarında işə başlasalar da, AZAL-ın “qış yuxusu” davam eləyir. Vəziyyətə aydınlıq gətirmək üçün komandanın baş məşqçisi Tərlan Əhmədovla əlaqə saxladıq. Ancaq Tərlan bəy zənglərimizi cavabsız qoydu. Daha sonra klubun mətbuat katibi Eldəniz Yusifovla əlaqə saxladıq. Sportal.az saytına danışan Yusifovun cavabı isə belə oldu:

 

“İnanmıram ki, Tərlan Əhmədov belə bir açıqlama versin. Çünki bizdə büdcə mövsüm üçün müəyyənləşdirilir. Yəni, mövsümün ortasında hər hansı bir büdcə artımından söhbət gedə bilməz. Bunu Tərlah Əhmədov da yaxşı bilir”.

 

Bu isə o deməkdir ki, maaşlar artmayacaq, komanda güclənməyəcək. Bəs, Tərlan Əhmədov gedəcək, yoxsa yenə qalacaq?

 

Qeyd edək ki, 14 turdan sonra cəmi 8 xal toplayan AZAL Premyer Liqanın sonuncu pilləsində yer alıb.

 

Xəbər xətti