Samir Abasov: "Ehtiyatda qalan oyunçuları ala bilmirik, rədd cavabı verirlər"

00:44 - 11 Yanvar 2017

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Sportal.az saytına açıqlama verib.

 

Mütəxəssis bu gün Antalyaya yollanacaqlarını söyləyib:

 

“Əgər bütün uçuşlar təxirə salınsaydı, planlarımız pozula bilərdi. Amma bu, baş vermədi. Şükürlər olsun ki, bu gün səhər saatlarında gedəcəyik. Birbaşa Antalyaya uçacağıq, axşam isə məşq edəcəyik. Birbaşa ora getməyimiz əla oldu. İstanbul reysi ilə getməyəcəyik. Ayın 13-ü “Skenderbeu” ilə oyunumuz var. Həmin oyuna hazır olacağıq. 10 günlük proqramımız yerində olacaq. Rəqiblərimiz də dəyişməyib. Buradan ora gediriksə, ancaq fikrimiz odur ki, oyun oynayaq və yaxşı hazırlaşaq”.

 

Abasov Yunanıstanın AEL klubuna transfer olan Amit Quluzadənin əvəzinə futbolçu axtarışında olduqlarını bildirib:

 

“Qalmışıq belə. Göndərdyimiz iranlıları qoyuram qırağa. Amma Amit Quluzadə geniş heyətə malik olmayan komandanın əsas üzvü idi. Amitin özü üçün çox yaxşı oldu xaricə yollanmağı. Bu, onun üçün yaxşı fürsət idi. Onu buraxmasaydıq, günah iş görərdik. Amitin gedişindən sonra özümüz də qalmışıq ki, nə edəcəyik, o mövqeyi necə gücləndirəcəyik. Əgər alınmasa, həmin mövqeydə başqa futbolçumuzu sınayacağıq. Yoxlanışda bir neçə oyunçumuzu orda yoxlayacağıq. Yerli futbolçu da axtarırıq. Amma çətin məsələdir. Bir çox kluba müraciət etmişik, amma istədyimiz cavabı almamışıq. Cavid İmamverdiyev üçün “Neftçi”yə müraciət etmişdik. Fikirləşdik ki, “Neftçi” legioner futbolçular alıb və müsbət cavab alarıq. Amma qarşı tərəf bizə yox dedi. Legioner futbolçuya isə icazə yoxdur. Klubunda ehtiyatda qalan oyunçuları komandamıza gətirə bilmirik, rədd cavabı verirlər. Oyunçular gəlmək istəyirlər, amma, klubları icazə vermir. Onsuz da çox futbolçu istəyirəm. Amma alınmayandan sonra nə xeyri var?”

 

Samir Abasov adı "Sumqayıt"la hallanan AZAL-ın yarımmüdafiəçisi Kamal Mirzəyevdən danışıb:

 

“Kamal istedadlı futbolçudur, onu çox məşqçi heyətində görmək istəyər. Mirzəyevin klubu ilə müqaviləsi var. AZAL da bizim kimi heyət baxımından əziyyət çəkir. Mən necə deyim ki, Kamal, dur, gəl bizə. Onları da başa düşmək lazımdır”.

Xəbər xətti