“Sumqayıt”ın müdafiəçisi Rail Məlikov müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Təlim-məşq toplanışının gedişinə əsasən, komandanın hansı durumda olduğunu demək mümkündü?
- Bir həftədən artıqdı Antalyada toplanışdayıq. Gün ərzində iki məşq keçirik ki, bu ağır hazırlıq dövrünün bəhrəsini çempionat oyunlarında görəcəyik. Tam gücümüzlə səfərbər olmuşuq. Əsas odu ki, zədə futbolçumuz yoxdu. Kimdəsə yüngül ağrılar ola bilər, amma bu hal tam gücümüzlə məşq etməyimizə maneə yaratmır. Hansı durumda olduğumuzu oyunlar zamanı görəcəksiz.
- Albaniyanın “Skenderbeu” (1:3) və Özbəkistanın “Nasaf” klubu (0:1) ilə yoxlama oyunundan sonra baş məşqçidən hansı iradları eşitdiniz?
- Antalyada olduğumuz müddətdə iki yoldaşlıq oyunu keçirmişik və hər ikisində məğlub olmuşuq. Uduzsaq da, hansı səhvlərimiz olduğunu görmüşük. Düşünmürəm ki, burdakı səhvlər, məğlubiyyətlər çempionatdakı çıxışımıza da sirayət edəcək. Çünki həmin səhvləri aradan qaldıracaq, çempionata hazır komanda olaraq davam edəcəyik.
- Ölkə xaricində qısamüddətli toplanış keçmək effekt verəcək?
- Antalyada 10 gün qalacağıq ki, bu da hazırlıq üçün az vaxt deyil. Hər gün 2 məşq keçsək, bu, ümumilikdə 20 məşq deməkdi. Buraya yoxlama oyunlarını da gəlsək, effektli olduğunu deyə bilərəm. Hətta elə klublar var ki, 5 günlük və ya bir həftəlik gəlirlər. Əsas məqsəd fiziki hazırlıq keçmək, taktiki planda çalışmaq və yoldaşlıq oyunları ilə oyun təcrübəsi sahəsində yaranacaq boşluğu doldurmaqdı. Antalyaya gələn klublar daha çox yoxlama oyunlarına, rəqib tapmağın asan olduğuna görə gəlirlər.
- Qış fasiləsinə 4-cü pillədə yollandız ki, bu yeri qoruya bilsəniz, yekunda Avropa Liqasına yollanmaq hüququ qazana bilərsiz. Amma mətbuat nəticələrinizə - qazandığınız qələbələrin və vurduğunuz qolların sayına əsasən, komandanın avrokuboklara yüksələcəyini gülüşlə qarşılayır. Narahat deyilsiz?
- Həqiqətən də, bununla bağlı yazılanları oxumuşam, eyni zamanda bizə də suallar ünvanlanıb. Bizim bu pilləyə yüksəlməyimiz asan başa gəlməyib. Heyətimizdə legioner yoxdu, əksəriyyəti gənc futbolçulardı, təcrübəli oyunçularımız azdı. Bir vəhdət, ailə yaratmışıq. Kimlərsə bizi qəbul etməyə bilərlər. Səbəbi bu pilləyə legionerlərin gücündən istifadə etmədən yüksəlməyimizdi. Halbuki, bizdən aşağı pillədə yer alan komandaların hamısı əcnəbi futbolçuların xidmətindən istifadə edirlər. Nəticələrimizə dırnaqarası yanaşmayın. Əksinə, yerli uşaqların çoxluq təşkil etdiyi bu kluba kömək etmək, mətbuatda daha çox yer vermək lazımdı.
- Hazırda “Neftçi”, demək olar ki, yeni komanda formalaşdırır. Fasilədən sonra mövqeyinizi onlara təhvil verəcəyinizdən ehtiyat etmirsiz?
- “Sumqayıt” niyə “Neftçi” ilə müqayisə olunsun ki? Qabaqladığımız klublar arasında “Zirə”, “Kəpəz”, AZAL da var. Təkcə “Neftçi” yox, digərləri də heyətlərinə əl gəzdiriblər. “Neftçi” bizi qabaqlayacaq, yoxsa biz onlardan üst sırada çempionatı başa vuracağıq, bilmək olmaz. Rəqiblərimizə hörmətsizlik etmək haqda düşünmürük, amma mövqeyimizi də kiməsə güzəştə getməyəcəyik.
- Fasilə zamanı sizin “Sumqayıt”dan ayrılacağınızı, hətta AZAL-a geri dönəcəyinizlə bağlı xəbərlər dolaşırdı. Niyə dərhal siz yada düşdünüz?
- Bu sualı tez-tez ünvanlayırlar. “Sumqayıt”la mövsümün sonuna qədər müqaviləm var. Bu cür xəbərlər yayılır, amma əsası yoxdu. Müqaviləm başa çatdıqdan sonra necə olacaq, bunu zamanı çatanda biləcəyik.
- Qış fasiləsindən sonra hansı komandanın sürpriz edəcəyini gözləyirsiz?
- “Qarabağ”la “Qəbələ”nin gücü məlumdu. Digərlərin hamısı sürpriz edə bilər. Əgər əksəriyyət ciddi sıçrayışı “Neftçi”dən gözləyirsə, mən onlara qatılmıram. Xüsusilə, AZAL-ın fasilədən sonra bütün komandalar üçün təhlükəli olacağını vurğulamalıyam. Ona görə də, sürprizi AZAL-dan gözləyin. (apasport.az)
saytlarin hazirlanmasi