“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin apasport.az saytına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Antalyada baş tutan təlim-məşq toplanışınız necə keçdi?
- Əsas odu ki, hazırlıq prosesini zədəsiz, itkisiz başa vurduq. Hamı son günə qədər komanda ilə birgə məşqlərdə iştirak edə bildi. Praktikamızı artırmaq üçün yaxşı oyunlar keçirdik. Ümumi götürdükdə, toplanış faydalı alındı.
- Yoxlama oyunlarında 3 qələbə və 1 məğlubiyyət qeydə alındı. Bu barədə nə deyə bilərsiz?
- Çempionatdan əvvəl necə hazırlaşırdıqsa, yenə də eyni məşqlərə, oyunlara başladıq. Sanki uzun müddət idi bir yerdə məşq etmirdik. Oyunların futbolçu yoldaşlarımızla meydandakı əlaqəni yaxşılaşdırmaq baxımından faydası böyük oldu. Düzdü, yoxlama matçlarında nəticəni vacib saymırlar, amma qələbələrimiz daha çox oldu. Oyunlar maraqlı keçdi.
- Baş məşqçinin iradları oldumu?
- Sözsüz, bəzi iradları oldu. Çünki tam hazır deyilik. Formamızı daha da yaxşılaşdırmalıyıq. Fasilədən əvvəlki formamıza qayıtmaq üçün çox çalışmalı, oyunlarda əzmkarlıq göstərməli idik. Baş məşqçi də, əsasən, bunun üzərində dayanırdı.
- Komandanıza yeni qoşulan futbolçular necə təsir bağışladılar?
- Ağabala Ramazanov bütün, Elşən Abdullayev isə son oyunlarda iştirak etdi. Hər ikisi komandamızın həm indi, həm də gələcəyi üçün faydalı transferlərdi.
- Reynaldonun komandadan ayrılacağı ilə bağlı mütəmadi məlumatlar yayılırdı. O, məşqlərdə və oyunlarda iştirak edirdimi?
- Açığı, məşqlərini yaxşı edirdi. Onun gedəcəyi ilə bağlı ancaq mediadan oxuyuruq, rəsmi məlumat yoxdu. Reynaldo məşqlərə gec qoşuldu, çünki müalicə olunurdu. Yoxlama oyunlarında isə iştirak etmədi. Toplanışın sonlarına yaxın kollektivlə birgə məşqlərdə iştirak edirdi.
- Hərəkətlərindən gedəcəyi hiss olunurmu?
- Biz Antalyaya dincəlməyə yox, məşq etməyə getmişdik. Çemodanını yığmaq üçün gərək təklif olsun. Təklif yoxdusa, olduğun yerdə maksimumu verməlisən. Sabah isə nə olacağı bilinmir.
- Oyunlarınız zamanı Reynaldonu izləmək üçün hansısa menecerin gəldiyini görmüşdüzmü?
- Xeyr, bunun şahidi olmadım.
- Üçüncü dövrəyə “Neftçi” ilə oyunla start verəcəksiz. Transfer dövrünün ən məhsuldar komandasının oyunlarını izləmisizmi?
- Qarşımıza ilk yarıdakı “Neftçi” çıxmayacaq. Transferlərdən, eləcə də, topladığımız məlumatlardan da komandanın gücləndiyi aydın görünür. İkinci yarıya ən yaxşı hazırlaşan komanda, bəlkə də, “Neftçi”di.
- Bəs ən yaxın izləyiciniz olan “Qəbələ”ni necə, izlədizmi?
- “Neftçi” daha çox gücləndi. “Qəbələ”nin heyəti yaxşıdı, liderin ən yaxın izləyicisidi. Bu baxımdan, onlar haqda geniş danışmağa ehtiyac yoxdu. Amma “Neftçi” qış fasiləsinə qədər qeyri-sabit oynadı, heyəti də zəif idi.
- Deməli, fasilədən sonra daha güclü çempionat izləyəcəyik?
- Çox maraqlı oyunlar olacaq. Maraqlı olmaqla yanaşı, həm də ağır keçəcək.
- Bu arada, yığmanın baş məşqçisi Robert Prosineçkinin Türkiyənin “Bursaspor” komandasına keçəcəyi gündəmdədi. Bu haqda nə düşünürsüz?
- Məlumatım mediada yazılanlardan artıq deyil. Çünki ordan oxuyuram. Amma onun indiki məqamda millini tərk edib, “Bursaspor”a keçəcəyinə inanmıram. Çünki yığmamız seçmə mərhələyə yaxşı başlayıb, bu nəticəni davam etdirmək şansımız var. Belədə onun burdan ayrılacağı real görünmür. Qalacağına və milli ilə yoluna davam edəcəyinə inanıram.
- Ayrılası olsa, gedişi komandaya təsir edəcəkmi?
- Əlbəttə, təsir edəcək. Biz artıq onun taktikasına, tələblərinə öyrəşmişik. Prosineçkinin yerinə başqa məşqçi gəlsə, müəyyən müddət problemsiz ötüşməyəcəyik, çətinliklər olacaq.
saytlarin hazirlanmasi