Azərbaycan Premyer Liqasının XV turunda “İnter” öz meydanında “Kəpəz”I 4:1 hesabı ilə məğlub edib.
Sportal.az-ın məlumatına görə, oyundan sonra “sarı-göylər”in futbolçusu Şəhriyar Rəhimov jurnalistlərin suallarını cavablandırıb:
- “Kəpəz”in bu hesabla məğlub olacağı gözlənilmirdi. Matç haqda nə deyə bilərsiz?
- Matç haqda nə deyə bilərəm ki? Danışılası bir şey yoxdur. İlk hissədə zəif təsir bağışlamadıq. Ancaq hissənin sonunda buraxdığımız qol bizi “sındırdı”.
- Komanda fasilə ərəfəsində ilk hissənin sonunda qapısında gördüyü gözlənilməz qolun şokundan ayıla bilərdi. Ancaq ikinci hissədə fərqli “Kəpəz” gördük...
- Razıyam, komanda toparlana bilmədi. Həqiqətən də, ikinci hissə “İnter”in üstünlüyü ilə keçdi.
- Qarın yağması, süni ot örtüyü oyununuza təsir etmədi?
- Bəhanə axtarmaq niyyətində deyilik. Bu məqamlar təsir etsəydi, ikinci hissədə bərbad oynayardıq. Gördüyünüz kimi, birinci hissədə zəif oynamadıq. Ancaq ikinci hissədə komandamızın oyunundan əsər-əlamət qalmamışdı.
- Baş məşqçiniz oyundan sonra sizə nə dedi?
- Hər birimiz məyusuq. Ancaq baş məşqçi paltardəyişmə otağında nə deyirsə, bunlar komandanın içində qalır. Baş məşqçimizin nə iradları vardısa, bizə dedi.
- İddialı komandalar qış təlim-məşq toplanışını ölkə xariində keçirdilər. Belə məğlubiyyətə rəqibinizin daha yaxşı hazırlıq keçməsi səbəb ola bilərmi?
- Deməzdim ki, bunun təsiri oldu. Məğlubiyyətə heç bir bəhanə gətirmək istəmirəm. Biz də yaxşı hazırlıq keçmişik. Düzdü, ola bilər ki, sınaqçı rəqiblərimiz o səviyyədə deyildi. Ancaq millimizin qaldığı bazada toplanışda olduq. Hər şey yaxşı idi. Ona görə də bəhanə gətirmək lazım deyil.
-Bəlkə komandanın yeni oyunçuya, yeni nəfəsə ehtiyacı var...
-Bu haqda danışmaq istəmirəm. (Newsport.az)
saytlarin hazirlanmasi