"Şahin Diniyevlə oğlu Kərimin "Kəpəz"dən getməyini istəyirlər"

00:38 - 30 Yanvar 2017

"Kəpəz" Premyer Liqanın 15-ci turunda "İnter" 1:4 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, məğlubiyyətdən sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyevi bir qrup azarkeş istefaya səsləyib. Sosial şəbəkələrdə də təcrübəli mütəxəssisn göndərliməsini istəyənlər olub.

 

"Kəpəz" fan-klubunun rəhbəri Elmar Əliyev saytımıza açıqlamasında bu məsələyə öz münasibətini bildirib:

 

"Sosial şəbəkələrə baxıram və görürəm ki, Şahin Diniyevlə oğlu Kərim Diniyevin "Kəpəz"dən getməyini istəyirlər. Bəzi insanlar təxribat etmək istəyirlər. Şahin Diniyev mənim nə əmimdi, nə də dayım. Mən düzgünlüyün tərəfindəyəm. Şahin müəllim komandanı Avroliqaya çıxaranda yaxşı idi, indi bir-iki oyun uduzanda pis oldu? Mən təxribatçılara imkan verməyəcəm ki, Şahin Diniyevi istefaya səsləsinlər. Baş məşqçini biz təyin etməmişik. Bu rəhbərlik səviyyəsində olan işdi. Postunda saxlaya da bilərlər, istefaya göndərə də bilərlər. 

 

Bu gün "Kəpəz"in heyəti məşhur futbolçulardan qurulmayıb. Şahin Diniyev əlində olan oyunçulardan istifadə edir. Bir oyuna görə baş məşqçini istefaya çağırmaq düzgün iş deyil. Fan-klublar bunu qrup şəklində etmir. Bir-iki nəfər var ki, onların işidi. 3-cü gün Gəncə şəhər stadionunda klub rəhbərliyinin iclası olacaq. Fan-klub rəhbərlərinə müraciət etmişəm. Kimin nə sözü varsa, rəhbərliyə deyə biləcək. Amma istefadan söhbət gedə bilməz. Bu, futboldu. Hələ qarşıda çox oyunlarımız var. "Zirə" ilə oyunda komandamız qələbə qazanacaq. Biz Şahin Diniyevə inanırıq. Rəhbərlik kimin getməli, kimin qalmalı olduğunu yaxşı bilir. Özləri qərar verəcək. İnanıram ki, "Kəpəz" mövsümü yaxşı yerdə bitirəcək.                        

 

Bütün bunlar qara yaxmaqdı. Gəncədə neçə il futbol olmadı. Premyer Liqaya qayıdandan sonra da "Kəpəz" öz sözünü dedi. Bunu da nəzərə almaq lazımdı ki, bizim "Qarabağ", "Qəbələ" kimi heyətimiz yoxdu. "Kəpəz"ə dəstək olmaq lazımdı".

Xəbər xətti