Azərbaycan Premyer Liqasının XV turunda baş tutan "Qarabağ" - "Neftçi" oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın hücumçusu Dino Ndlovu jurnalistlərin suallarını cavablandırıb:
- Məncə, iki xal itirdik. Çünki öz meydanımızda oynayırdıq. “Neftçi” - “Qarabağ” matçı Azərbaycan üçün derbi sayılır və əhəmiyyətli bir oyundur. Artıq növbəti oyunları düşünməliyik.
- Bu mövsüm uğursuz çıxış edən “Neftçi”dən bu cür oyun gözləyirdin?
- Fikrimcə, “Neftçi” hər zaman yaxşı komanda olub. Rəqib yeni futbolçular cəlb edib. Oyuna çox yaxşı motivasiya ilə çıxmışdılar. Düşünürəm ki, artıq onların hədəfi daha yaxşı oyunlar oynayıb, turnir cədvəlinin yuxarı pillələrinə qalxmaqdır.
- Penalti qərarına qarşı bir sıra etirazlar oldu. Fikrincə, hakimin qərarı doğru idi?
- Bu, mənim yox, hakimin qərarıdır. Mənim işim futbol oynamaqdır.
- Ötən mövsüm “İnter”lə matçda “Qarabağ” penalti qazandı, lakin Qurban Qurbanovun tapşırığı ilə top kənara vuruldu. Yenə belə bir qərar olsaydı, necə qarşılayardız bunu?
- Keçən il baş verən hadisə, elə keçən ildə də qalıb. Siz mənə olmamış bir hadisə haqqında sual verirsiniz və baş verməmiş bir hadisə haqqında danışmıram.
- Reynaldonun gedişindən sonra hücum bölgəsində əsas yük sənin üzərinə düşür. Məsuliyyəti öz üzərinə götürməyə hazırsan?
- “Qarabağ” böyük komandadır və bura həmişə yeni futbolçular gəlir. Komandaya cəlb edilən futbolçularda yaxşı keyfiyyətlər axtarılır. Yəqin ki, məndə də bu keyfiyyətləri görüblər və transfer ediblər. Mən də etimadları doğrultmağa çalışıram.