Millimizin üzvü Ramil Şeydayev çıxış etdiyi "Trabzonspor" klubunda şans qazanmır. Baş məşqçi Ərsun Yanal Ramilə güvənmir.
Sportal.az xəbər verir ki, gənc forvard Super Liqada 1 oyunda 10 dəqiqə meydanda olub. Digər qarşılaşmalarda isə ya ehtiyat oyunçular skamyasında, ya da onun adı "18-liy"ə daxil edilməyib.
Klub prezidenti Muharrem Usta ötən günlərdə Serje Akakpo, Hyun Yun Suk və Ramil Şeydayevin komandadan göndəriləcəyini qeyd etmişdi. Ramil icarəyə, digər 2 futbolçu ilə müqavilə ləğv ediləcəkdi. Artıq Akakpo klubdan ayrılıb və Türkiyə I Liqasında mübarizə aparan "Qaziantep" BB klubuna keçib. Müqavilə ilə "Portu"ya məxsus olan cənubi koreyalı hücumçu Suk Portuqaliyanın "Belenensiş" komandası ilə danışıqlar aparır. Ramil Şeydayevə isə yiyə duran tapılmayıb. Qara dəniz təmsilçisi 20 yaşlı hücumçunu icarəyə vermək üçün klub axtarır.
Milli komandamızın baş məşqçisi Robert Prosineçki Ramil Şeydayevlə əlaqə saxlayıb. Xorvatiyalı mütəxəssis Şeydayevə "Trabzonspor"u tərk etməyi məsləhət bilib. Təcrübəli çalışdırıcı Şeydayevin böyük potensialı olduğunu və daim oynaya biləcəyi kluba getməyin lazımlığını söyləyib. O, Ramili böyük hücumçu kimi gördüyünü və gəlcəkdə millimizin əsas qol silahı olacağını deyib.
Qeyd edək ki, Ramil Şeydayev yay transfer pəncərəsində "Zenit"dən "Trabzonspor"a keçib. O, "bordo-mavililər"in heyətində 3 rəsmi oyun keçirib və 1 qol vurub.
saytlarin hazirlanmasi