Vasif Haqverdiyev: "Yüksək liqa olmadığı üçün hələ tələsmir və gənclərlə işləməyə üstünlük verirəm" MÜSAHİBƏ

12:52 - 2 Fevral 2017

Bir neçə gün öncə AFFA-nın inzibati binasında “A” kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar təqdim olundu. Mütəxəssislər arasında “Qarabağ”ın keçmiş futbolçusu Vasif Haqverdiyevi də görüb onunla söhbətləşmək qərarına gəldik. Haqverdiyevlə söhbətimizə də məhz “A” kateqoriyalı məşqçi kursularından başladıq. 

 

- Bu yaxınlarda UEFA-nın “A” kateqoriyasını almısız. Əvvəlcə bu münasibətlə sizi təbrik edirik.
- Sağ olun. İlk növbədə maraqlandığınız üçün təşəkkür edirəm. Düzdü bu yaxınlarda “A” kateqoriyasını oxuyub kursu müvəffəqiyyətlə başa vurdum. Ümumiyyətlə futbol oynamaq başqa, məşqçi olmaq isə tamam başqa bir peşədi. Deyərdim ki, məşqçilik futbolçu olmaqdan daha çətin işdi, amma məşqçi olmaq qərarına gəlmişiksə, deməli daha çox savadlanmalı, bu sahədə təcrübəmizi daha da artırmalıyıq. Şükürlər olsun ki, bu sınaqdan da üzüağ çıxdıq. Bu kursları təşkil edən, əziyyət çəkən hər kəsə öz təşəkkürümü bildirirəm. Müəllimlərimiz də sağolsunlar ki, bizim savadlanmağımıza yardımçı oldular.

 

- Kateqoriya diplomlarını alan məşqçilərin bir çoxu ilə illər öncə “Qarabağ”da bir komandada oynamısız... 

- Bəli, mənimlə çiyin-çiyinə “Qarabağ”da oynayan bir çox futbolçular var idi ki, bu gün onlar da məşqçi kimi “A” kateqoriyasını müvəffəqiyyətlə başa vurdular. Onları da təbrik edir, gələcək karyeralarında uğurlar arzulayıram. Biz müəllimlərimizdən Aslan Kərimovla da eyni komanda yoldaşı olmuşuq, amma bu o demək deyil ki, dostluq, yoldaşlıq son nəticəyə təsir göstərib.

 

- Növbəti hədəf yəqin ki, “Pro” kateqoriyasıdı..
- Əlbəttə ki, hər bir məşqçi daha da irəliyə getməyi planlayır. Lakin, “Pro” kateqoriyasını almağa tələsmirəm. Hələ öyrəniləcək çox şeylər var. Mən “B” kateqoriyasını 2012-ci ildə almışdım və 4 ildən sonra “A” kateqoriyasına öz sənədlərimi verib, oxumaq qərarına gəldim. Ona görə də, tələsmirəm, daha çox işləmək, təcrübə qazanmaq lazımdı. Bundan sonra isə “Pro”nu oxumağa dəyər. 

 

- “Vətən” klubunun U-17 komandasını çalışdırırsız, komandadakı vəziyyət nə yerdədi?
- İlk dövrədən sonra U-17 Liqasında 4-cü yerdə gedirik və 1-ci yerdə gedən komanda bizdən 6 xal öndədi. Futbolçularımın oyununu normal sayıram, komanda olaraq çempionatda ilk 3-lüyə iddialıyıq. Komanda rəhbərliyi bizə lazımi şəraiti yaradıb və elə fürsətdən istifadə edib yaradılan şəraitə görə “Vətən” rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

 

- Məşqçisi olduğunuz komandalarla həmişə yaxşı nəticələr əldə etmisiz, sizcə böyük komandalarla işləməyin vaxtı yetişməyibki?
- 3 ildir ki, məşqçi kimi fəaliyyətə başlamışam və düz buyurduz ki, işlədiyim dövrlərdə yaxşı nəticələr əldə etmişik. “İnter”in U-19 komandasıyla bürünc, ötən il “Əlincə”nin U-16 komandasıyla gümüş medalları qazanmışıq. Bu il də, “Vətən”lə ilk 3-lüyə düşəcəyimizi güman edirəm. Amma mən sırf nəticəni düşünmürəm, çünki biz bu yaşda uşaqlara düzgün futbol oynamağı öyrətməliyik və hesab edirəm ki, uşaqlar düzgün futbol oynamağı öyrəndikdən sonra nəticələrini daha da yaxşılaşdıra biləcəklər. Fikrimcə yuxarılara pillə-pillə qalxmaq lazımdı, qismətimiz nə vaxt olacaqsa, o vaxt da gedib böyük komandalarda çalışacağıq. Belə götürəndə söz olaraq təkliflər var, amma yüksək liqa olmadığı üçün hələ tələsmir və gənclərlə işləməyə üstünlük verirəm. Böyük təcrübəyə sahib olmağı və bu təcrübəni gənclərlə-işləyə işləyə yığa biləcəyimi hesab edirəm. Bu təcrübə bizə böyük komandalarda işləməyə daha çox yardımçı olacaq.

 

- “Qarabağ”da müdafiəçi mövqeyində çıxış etmisiz. Sizcə, yaxşı müdafiəçi necə olmalıdı? 
- Açığı futbola sırf müdafiəçi kimi başlamamışam, sonradan Ağasəlim Mircavadov məni müdafiəçi kimi oynadıb və “Qarabağ”da müdafiəçi kimi oynamağa başlamışam. Nəinki müdafiəçi, gərək futbolçu öz xarakteriylə seçilsin. Müdafiəçilər isə birə-bir mübarizələrdə, hava toplarında yaxşı olmalıdılar.Hazırda Avropanın top komandaları topla davranışları olmayan müdafiəçiləri bəyənmir. Ona görə də, müdafiə olunmaqla yanaşı gərək müdafiəçinin topla davranışı mükəmməl olsun. Biz də çalışırıq ki, dediyim bütün xüsisiyyətləri öz müdafiəçilərimizdə cəmləşdirək.

 

- Komandanızda dediyiniz xüsusiyyətlərə malik müdafiəçilər, futbolçular var?
- Bəli komandamızda yaxşı müdafiəçilər var, hansı ki, onlar milli komandamıza da cəlb olunurlar. Gələcəyi parlaq görülən çox futbolçularımız var, amma bundan sonra hər şey özlərindən aslılıdı, onlar daha çox öz üzərlərində işləməlidilər. Nə qədər çox çalışsalar gələcəkləri bir o qədər də parlaq olacaq. Mən də çalışıram ki, onlara öz bacardığım köməkliyi göstərim. Bizdə tək müdafiəçilər yox, hücumameylli yaxşı futbolçular da var və öz komandama cavabdeh şəxs olaraq deyə bilərəm ki, onların arasından Azərbaycan futboluna xeyir verəcək futbolçular çıxacaq.

 

Mənbə: Sportlife.az

Xəbər xətti