Liderlərin autsayder sınağı

12:37 - 3 Fevral 2017

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək.

 

Premyer Liqanın lideri “Qarabağ” AZAL-ın qonağı olacaq. Son çempion qış fasiləsindən sonra ilk oyunda “Neftçi” ilə “sülh” bağlamışdı – 1:1. “Təyyarəçilər” isə ötən tur “Zirə”yə uduzub – 0:2. Bu oyunda isə “Qarabağ”ı yalnız qələbə qane edəcək. “Qəbələ”nin nəfəsini hiss edən Ağdam təmsilçisi liderliyini qorumaq üçün 3 xal qazanmalıdır. AZAL üçün isə qazandığı hər xal qızıla bərabərdir.


Statistika: 12 oyundu heç-heçə qeydə alınmır. “Qarabağ” son 3 qarşılaşmada qalib gəlib. Ardıcıl 6 matçdı qol vuran komanda qələbə qazanır.
AZAL - Qarabağ: 32 oyun, 20 qələbə, 6 heç-heçə, 6 məğlubiyyət, top fərqi 48-25.

 

 

Çempionluq uğrunda mübarizə aparan “Qəbələ” “Neftçi”ni qəbul edəcək. Bu oyunun Bakıda keçirilməsi nəzərdə tutulsa da, qarlı hava üzündən PFL matçın Qəbələdə keçirilməsinə qərar verib.

 

“Qırımızı-qaralar” qış fasiləsindən sonra keçirdikləri ilk oyunda “Sumqayıt”I məğlub edə bilməmişdilər – 1:1. Həmin xal itkisinə görə lider ola bilməyən Roman Qriqorçukun yetirmələri yenilənmiş “Neftçi”ni məğlub etməlidir. Bu mövsüm “Qəbələ”nin qapazaltısı olan “ağ-qaralar” bu oyuna “Qarabağ”la qazanılan heç-heçəyə görə daha istəkli çıxacaqlar. Autsayderlər sırasında qərarlaşan “Neftçi” AZAL-dan uzaqlaşmaq üçün qələbəyə ümid edir. “Qəbələ”nin “Neftçi”dən transfer etdiyi Araz Abdullayev sabiq komandasına qarşı ilk dəfə oynamaq şansı qazana bilər.

 

Statistika: “Qəbələ” ardıcıl 2 böyük hesablı qələbə qazanıb. “Neftçi” son 4 matçda qalib gələ bilməyib. Bakılılar öz meydanında 4 oyunda xala, 6 matçda qələbəyə həsrət qalıb.
Qəbələ - Neftçi: 34 oyun, 12 məğlubiyyət, 8 heç-heçə, 14 qələbə, top fərqi 44-44.

 

undefined

 

Sabah turun maraqla gözlənilən oyunlarında biri Gəncədə baş tuta bilərdi. Amma PFL “Neftçi” - “Qəbələ” matçı kimi “Kəpəz” - “Zirə” oyununun da məkanını dəyişib. Qar səbəbindən oyun Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

 

Komandaları turnir cədvəlindəki xal fərqləri üçə bərabərdir. Fasilədən sonra “İnter”ə 1:4 hesabı ilə darmadağın olan “Kəpəz”ə 3 xal hava-su kimi lazımdı. Məğlubiyyət isə Gəncə təmsilçisini ilk “4-lük”dən bir qədər də uzaq salacaq. Ayxan Abbasovun rəhbərliyi altında ilk rəsmi oyunda AZAL-a qalib gələn (2:1) “Zirə” uğurlu seriyanı davam etdirmək niyyətindədir. 
 

Statistika: “Zirə” indiyədək “Kəpəz”i sadəcə, 1 oyunda məğlub edə bilib. 3 oyunda isə qalib müəyyənləşməyib.

Zirə - Kəpəz: 6 oyun, 1 məğlubiyyət, 3 heç-heçə, 2 qələbə, top fərqi 7- 9.

 

 

Tura Sumqayıtda yekun vurulacaq. Fasilədən sonra səfərdə “Qəbələ”dən bir xal oğurlayan “Sumqayıt” mövsümə qələbə ilə start verən “İnter”ı sınağa çəkəcək. “Sumqayıt” kimi “İnter” də ötən günlərdə AFFA-nın nəzarətinə keçib. Qardaş duelində “Sumqayıt” qalib gəlsə, xal fərqini 7-yə endirəcək. “Qəbələ” və “Qarabağ”ı izləyən “İnter” qalibiyyət əldə etsə, 3-cü pilləni bir qədər də möhkəmləndirəcək.

 

Statistika:  “Sumqayıt” 4 oyundu qalib gələ bilmir. “İnter” 7 görüşdü meydanı qolsuz tərk etmir. Sumqayıtlılar son iki ev oyununda uduzub.
Sumqayıt - İnter: 18 oyun, 2 qələbə, 5 heç-heçə, 11 məğlubiyyət, top fərqi 12-29.

 

Xəbər xətti