Fariz Nəcəfov: "Qarabağ" həmişə düzgün mübarizə aparır" MÜSAHİBƏ

21:11 - 3 Fevral 2017

Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində baş tutan "Qəbələ" - "Neftçi" (1:0) oyunundan sonra meydan sahiblərinin vitse-prezidenti Fariz Nəcəfov müsahibə verib. 
 
- "Qəbələ" qış fasiləsində heyətini gücləndirən "Neftçi" üzərində qələbə qazandı. Oyunla bağlı fikirləriniz necədir?
- Oyun gözlənildiyi kimi çətin keçdi. Dediyiniz kimi, "Neftçi" qışda heyətini bir neçə futbolçu ilə gücləndirib. Artıq komandada müsbət ab-hava var. Qələbə qazandığımıza görə sevincliyik. 
 
- Hiss olunur ki, komandanın hücum xəttində yenə problem var. Növbəti hücumçu transferini həyata keçirəcəksiniz?
- Yox. Hər il komandalarda bu problem olur. İstənilən komanda qış fasiləsindən sonra 1-2 həftə özünə gələ bilmir. Düşünürəm ki, komandamız yaxın vaxtlarda özünə gələcək. Heyətdə kifayət qədər keyfiyyətli hücumçularımız var. Mənə elə gəlir ki, oyundan-oyuna hər şey öz yerini tutacaq. 
 
- Subotiç qayıdışını qolla qeyd etdi. Bu barədə nə deyə bilərsiniz?
- Bu bizi sevindirir. Subotiç bizdə oynayıb, potensialına bələdik və məşqçimiz də onu tanıyır. Subotiç çox istəkli, əzmkar oyunçudur. İnanıram ki, komandanın uğurlarında böyük əməyi olacaq. 
 
- Vurduğunuz qolda oyundankənar vəziyyətin olduğu görünür...
- Epizodun təkrarına baxmaq lazımdır. Eşitdim ki, oyundankənar vəziyyət var, amma baxmaq lazımdır. 
 
- Ümumiyyətlə, hakim səhvləri çoxalıb...
- Bu barədə danışmaq istəmirəm. Çünki bu barədə dəfələrlə danışdıq, heç bir ölçü götürülmədi. 
 
- Ən çox da "Qəbələ" hakimlikdən narazıdı...

- Biz narazı olduğumuz epizodları bildirdik, faktlarla hər şeyi ortaya qoyduq. Bunlara qiymət vermək, azarkeşlərə, jurnalistlərə qalsın. Bununla bağlı heç nə danışmaq istəmirəm. 
 
- Son 1 həftədə "Qəbələ" və "Qarabağ" komandaları arasında "soyuq müharibə" gedir...
- Vallah, hansı müharibədən söhbət getdiyini bilmirəm. Azarkeşlər və fan-klublar arasında "soyuq müharibə" olar bilər. 
 
- Həttə klub rəsmiləri də bu barədə danışırlar...
- Yox. "Qarabağ" bizim narazılıqlarımızı öz üzərinə götürməsin. Mən "Qarabağ"ın rəhbərliyinə, baş məşqçisinə və bütün futbolçularına inanıram. Bilirəm ki, onlar həmişə düzgün mübarizə aparırlar və axıra qədər də aparacaqlar. Bizim narazılığımız hakimlərədi. Dediyimiz sözlərin hamısı hakimlərə və onları idarə edən qurumlaradı. Birbaşa onlara etirazımızı bildiririk. (Newsport.az)

 

Xəbər xətti