"Qarabağ" və "Qəbələ"nin qələbəsi, baş rolda hakimlər QEYD

21:49 - 3 Fevral 2017

Azərbaycan Premyer Liqası bu mövsüm iki qoçun mübarizəsinə bənzəyir, bir qazanda qaynamır onların başı. Əvvəllər bir-birinə simpatiyaları hiss olunan “Qarabağ” və “Qəbələ” indi soyuq müharibə şəraitində davam eləyirlər çempionata. Münasibətlərin bu yerə çatmasına səbəbkar “Qəbələ”di, səbəb isə hakimlər. 16-cı tur da qalmaqallı keçdi iki böyük klubumuz üçün, amma bu dəfə “Qəbələ” də müzakirələr mərkəzinə düşdü.

 

AZAL-ın qonağı olan “Qarabağ”ın rahat qələbə qazanacağını ehtimal etmək olardı. “Neftçi” ilə oyunu zəif keçirən Qara Qarayevi ehtiyatda oturtmuşdu Qurban Qurbanov. Onun yoxluğunda Coşqun Diniyev orta sahədə komandasının oyununu aparmağa çalışırdısa, nə Rahid Əmirquliyev, nə də Miçel öz oyununu göstərə bilirdi. Dani Kintananın zədələnməsi ilə “Qarabağ” yaradıcılıq planında daha dişsiz görünməyə başladı. Matçın əvvəlində hesabı açıb, geri çəkilən AZAL-a qol vura bilmirdilər birinci hissənin gedişində. Dönüş anı Orxan Məmmədovun Tounkara göstərdiyi qırmızı vərəqə oldu. İlk baxışdan iki sarı vərəqənin haradan peyda olması anlaşılmaz gəldi izləyicilərə. Sən demə, baş hakim 11-ci dəqiqədə Tounkaraya sarı göstərmişdi və daha birini Şehiçə etdiyi hərəkətə görə göstərib. Amma, ancaq və lakin... Tounkara Şehiçə toxunmuşdumu? Ən pis ehtimalla, deyək hə! Axı, Orxan Məmmədov robot deyil, nə də geri zəkalıdı. Hamı kimi, o da Premyer Liqada nələrin baş verdiyini görür və dərk edir. “Qarabağ” adının hakim qalmaqallarında hallandığı bir dönəmdə belə şübhəli qərar verməyə nə lüzum var idi? Bu, artıq səhvdən çox hakim qərəzinə bənzəyir. Səhv bir dəfə olar, iki dəfə. Hər dəfə təkrarlanırsa, artıq bunun adı qərəzdi...

 

İkinci hissədə “Qarabağ” azlıqda qalan rəqibini bitirdi. Özü də Qurban Qurbanovun yetirmələri tez anladılar ki, bütün komandayla cərimə meydançasına yığışan rəqibin müdafiəsini qısa paslarla, Dino Ndlovunun hücumda primitiv oyun tərziylə yarmaq mümkün olmayacaq. Ona görə ağır artileriya – uzaq zərbələr işə düşdü. Əvvəlcə Maksim Medvedev, sonra Coşqun Diniyev qol vurunca, “Qarabağ” 3 xalla ayrıldı bu oyundan.

 

“Qarabağ”dan xal alan yenilənmiş “Neftçi” bu dəfə gücünü “Qəbələ”yə göstərməliydi. Elxan Abdullayevin komandası “Qəbələ”yə qarşı daha inamlı oynadı, nəinki ötən tur “Qarabağ”a. Çempiondan xal almasına rəğmən, daha çox müdafiədə oturan “Neftçi” bu tur səfərdə “Qəbələ” ilə başabaş futbol oynadı. Kompakt oyun sərgiləyən qonaqlar ilk yarıda bir neçə dəfə Bezotosnını ciddi narahat elədilər, müdafiədə isə ciddi boşluq vermədilər. Elə ikinci hissə də birinciyə bənzəyirdi gedişatına görə. Amma “Qəbələ”nin oyununda da hakim çıxdı səhnəyə, yan xətt hakimi. 77-ci dəqiqədə Daniel Subotiçə qol ötürməsini verən Ürfan Abbasov açıq-aşkar ofsaydda idi. Buna da səhv demək olmur! Ürfanın oyundan kənar vəziyyətdə olduğunu görmək üçün xətdə durmağa belə ehtiyac yox idi, adi gözlə də görünürdü bu. “Qəbələ” hər nə qədər üsyan eləsə də, hakimlərin “Qarabağ”a kömək etdiyini desə də, özü də bu mövsüm hakim səhvlərindən bəhrə görüb. Oxşar vəziyyətdə, İlk dövrədə Dabo oyunun sonlarında “Sumqayıt”ın qapısına ofsayddan qol vurub 3 xal qazandırmışdı “Qəbələ”yə. “Neftçi”ni də bu gün hakim hesabına yendilər! Belə baxanda, olan “Neftçi”yə oldu bu iki turda...

 

Xəbər xətti