Sabah Azərbaycan Premyer Liqasında 17-ci turun görüşlərinə start veriləcək. Turun oyunları 2 gün ərzində baş tutacaq.
Tura Qəbələdə start veriləcək. Lider “Qarabağ”ı qarabaqara izləyən “Qəbələ” AZAL-ı qəbul edəcək. Ötən tur “Qarabağ”a ciddi müqavimət göstərən “təyyarəçilər” çətin səfərdən xalla qayıtmaq niyyətindədir. Turnir cədvəlinin zirməsində məskunlaşan Tərlan Əhmədovun yetirmələri üçün qazanılan hər xal qızıla bərabərdir. Nəzərə alaq ki, AZAL son oyunda “Qəbələ”dən 1 xal qoparıb. “Qəbələ” qış fasiləsindən sonra hər iki oyunu doğma meydanında keçirib. 2 oyuna 4 xal qazanan “qırmızı-qaralar” istənilən formanı yığmayıb. Ötən turda “Neftçi”ni çətinliklə məğlub edən əyalət klubunun hədəfi yenə qələbədir.
Statistika: AZAL son 3 matçda qol vura bilməyib. “Qəbələ” evdəki son iki oyunda xal itirməyib.
Qəbələ - AZAL: 28 oyun, 9 qələbə, 9 heç-heçə, 10 məğlubiyyət, top fərqi 31-34.
Günün ikinci oyunu Suraxanıda keçiriləcək. Çempionatın lideri “Qarabağ” “Zirə”ni qəbul edəcək. Ötən tur AZAL səfərində çətin qələbə qazanan Ağdam klubunu qış fasiləsindən sonra 2 oyuna maksimum nəticə göstərən “qartallar”a qarşı ciddi sınaq gözləyir. Maraqlıdır ki, “Qarabağ” indiyənədək “Zirə”yə uduzmayıb. Ayxan Abbasov “Zirə”yə gəlişindən sonra keçirdiyi hər iki oyunda qələbəyə sevinib. Son turda “Kəpəz” üzərində əzmkar qələbə əldə edən qəsəbə klubu “Qarabağ”a ciddi müqavimət gööstərəcək. Ağdam klubunun heyətində Almeydanın cəzası bitməyib. Kintana isə zədə səbəbindən mövsümü artıq başa vurub. Ağdam təmsilçisi xal itkisinə yol versə, liderliyini itirmək təhlükəsi ilə üz-üzə qala bilər. “Zirə” isə xal itirsə, 4-cü pilləni yenidən “Sumqayıt”a təhvil verə bilər.
Statistika: “Qarabağ” indiyədək “Zirə”yə uduzmayıb. Son 4 oyunda eyni - 2:0 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi evdə xal itirməyib. “Zirə” son 5 matçda qol vura bilməyib.
Qarabağ - Zirə: 6 oyun, 5 qələbə, 1- heç-heçə, top fərqi 12-1.
Turun ikinci oyun günündə iki oyun baş tutacaq. Hər iki dueldə AFFA-nın vassalığını qəbul edən komandalar qarşılaşacaqlar.
“Sumqayıt” qış fasiləsindən sonra hər iki oyunda məğlub olan “Kəpəz”I qəbul edəcək. Gəncə klubunun uğursuz çıxışı azarkeşləri də qane etmir. Şahin Diniyevin yetirmələrinin üzərində böyük təzyiq var. Dərindən nəfəs almaq və ilk “dördlük”dən uzaqlaşmamaq üçün “Kəpəz” mütləq “Sumqayıt”a qalib gəlməlidir. Ötən tur “İnter”lə oyunda əzmkar heç-heçə edən “kimyaçılar” qələbə qazanaraq yenidən 4-cü pilləni ələ keçirmək arzusundadır. Lakin Samir Abasov müdafiə xəttində komandanın liderləri olan Vurğun Hüseynov və Rail Məlikovun xidmətindən istifadə edə bilməyəcək.
Statistika: Cari mövsümdəki hər iki qarşılaşma heç-heçə nəticələnib. “Sumqayıt” 7 oyundu qalib gələ bilmir. “Kəpəz” öz meydanında uduzmayıb.
Sumqayıt - Kəpəz: 14 oyun, 4 qələbə, 6 heç-heçə, 4 məğlubiyyət, top fərqi 17-17.
Növbəti “qardaş qırğın”ı “İnter Arena”da baş tutacaq. Ötən günlərdə rəsmən AFFA-nın boyunduruğu altında yaşamağı qəbul edən “İnter” yenilənmiş “Neftçi”ni qəbul edəcək. Ötən turda Qış fasiləsindən sonra çempionluq uğrunda mübarizə aparan “Qarabağ” və “Qəbələ”yə ciddi müqavimət göstərən “Neftçi”ni təqvim bu dəfə “İnter”lə üzləşdirib. Qış fasiləsindən sonra “Neftçi”nin yaxşı oyun nümayiş etdirdiyini söyləmək olar. Amma “ağ-qaralar” qələbə qazana bilməyib. “İnter” isə fasilədən sonra aktivinə 4 xal yazdırıb. “İnter” xal itirsə, 3-cü pillədəki mövqeyini yenə də qoruyacaq. “Neftçi” isə qalib gəlməklə nəfəsini hiss etdiyi AZAL-dan uzaqlaşmaq və “Kəpəz”ə bir qədər yaxınlaşmaq istəyir.
Statistika: Paytaxt derbisi 50-ci dəfə baş tutacaq. Son iki oyunda meydan sahibi komanda eyni - 2:1 hesabı ilə qələbə qazanıb. “Neftçi” son 5 oyundan qolsuz ayrılmayıb.
İnter - Neftçi: 49 oyun, 13 qələbə, 15 heç-heçə, 21 məğlubiyyət, top fərqi 51-70.
saytlarin hazirlanmasi