"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Sportal.az saytına müsahibə verib.
- “Kəpəz” qış fasiləsindən sonra bütün oyunları uduzub. Komandada nə baş verir?
- Komanda daxilində böyük problem yoxdur. Nə maliyyə cəhətdən, nə də rəhbərliklə bağlı. “İnter”lə oyunun 2-ci hissəsində buraxdığımız qoldan sonra özümüzə gələ bilmədik. “Zirə” ilə qarşılaşma isə açıq-aşkar üstünlüyümüzlə keçdi. Komanda “qara zolaq”dan çıxa bilmir. “Sumqayıt”la oyunda uşaq səhvləri etdik. “İnter”lə oyunun 2-ci hissəsini çıxmaq şərtiylə oyunumuzdan narazı qalmamışam. Amma şansları istifadə edə bilmirik. Hazırda durmumuzu dəyişməliyik. Həvəsdən düşməməliyik. Bu çətinlikdən özümüz çıxa bilərik. Komanda daxilində hər şey normaldır.
- Komandada olan legionerlər də əvvəlki kimi deyillər. Meydanda həvəssiz görünürlər...
- Dario Frederiko komandaya gec qoşulmuşdu. Əsas müdafiəçilərimizin üçü sıradan çıxıb. Heç kim deyə bilməz ki, Tadas Simaitis bilərəkdən qol buraxıb. Simaitis bəzi oyunlarda da səhvə yol vermişdi. Məsələn, "İnter"lə 2:2 başa çatan oyunda. Həmin vaxt komandada hər şey qaydasında idi. İndi vəziyyət fərqlidir. Bütün komandanın oyun alınmır. Psixoloji cəhətdən də təzyiq altındayıq.
- “Kəpəz” bir ailədir və bu ailə başçısı kimi futbolçulardan soruşursuz ki, nə məsələdir?
- Hər gün məşqdə söhbət edirəm. Həm kollektiv, həm də ayrı-ayrılıqda. Azarkeşlər və rəhbərlik arxamızdadır. Radikal dəyişikliyə ehtiyac yoxdu. Bu, ailədir və başçısı da mənəm. Əgər ailədə problem varsa, atıb gedə bilmərəm. Ailə başçısının işinə daha peşəkar yanaşması lazımdır. Bu vəziyyətə bizi heç kim salmayıb, özümüz düşmüşük və bundan çıxmalıyıq da.
- Növbəti oyun doğma meydanda “Qarabağ”a qarşıdır...
- “Qarabağ” deyəndə hər şey məlum olur. Rəqibimiz Azərbaycanın deyil, Avropanın top klublarından biridir. Hər bir oyun vacibdir, AZAL-dan tutmuş, “Qarabağ”a kimi bütün qarşılaşmalar çətin keçir. Özümüzdə güc tapmalıyıq. Futbolun incəlikləri var və mən bunu qismətə bağlayıram. “Zirə”, “İnter” və “Sumqayıt”la oyuna qalib gəlmək üçün çıxan komanda “Qarabağ”la oyuna uduzmamaq üçün çıxır. Bu da hansısa cəhətdən bizə kömək olar. Belə deyək ki, başqa komandaya uduzanda tənqid ola bilər, amma “Qarabağ”a məğlub olanda bir az fərqli olur. Bu söz də komandanı ayılda bilər.
- Belə bir məlumat var ki, “Qarabağ”la oyun sizin üçün son şansdır...
- Onu kim deyir? Əgər bunu rəhbərlik və azarkeş deyirsə, müzakirə edək. Amma bu fikir hansısa jurnalistə məxsusdursa, bu, onun şəxsi işidir, hörmətlə yanaşıram. Getmək asandır, amma biz bu vəziyyətdən çxımalıyıq.
- Çempionluq uğrunda favorit kimi “Qarabağ”ı yoxsa “Qəbələ”ni görürsüz?
- Mən buna konkret cavab verə bilmərəm. Bu, bir hörmətsizlik olar. Hər ikisi bizim rəqibimizdir və iddialı klublardır. Hər iki komanda buna layiqdir. Bu komandalardan qalib olan çempionluğu təsadüf qazanmayacaq. Mövsümün sonuna qədər kim az xal itirsə, Premyer Liqanın qalibi ola bilər.
saytlarin hazirlanmasi