Liderlərin çətin səfər sınağı

13:29 - 12 Fevral 2017

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start veriləcək.

 

Lider “Qarabağ” “Kəpəz”in qonağı olacaq. Son 4 oyunda məğlub Gəncə təmsilçisi uğursuzluğa “Qarabağ”la oyunda son qoymaq niyyətindədir. Lakin “qara zolaq”da olan “Kəpəz”in “Qarabağ”ı büdrəcəyi də inandırıcı görünmür. Ağdam təmsilçinin heyətində Riçard Almeyda cəza müddətini başa vurub və komandasına kömək edə bilər.  “Qarabağ” xal itkisinə yol versə, liderliyini itirmək təhlükəsi ilə üz-üzə qala bilər. Bu səbəbdən Qurban Qurbanovun yetirmələrini yalnız qələbə qane edir.

 

Statistika: “Qarabağ” 18 oyundu məğlub olmur. 15 ilə yaxındı qalib gəlməyən qərblilər son 7 oyunda qol buraxıb. Gəncə təmsilçisinin son 3 ev oyununda hər iki komanda qol vurub.
Kəpəz - Qarabağ: 43 oyun, 14 qələbə, 8 heç-heçə, 20 məğlubiyyət, top fərqi 53:58. 

 

 

Lider “Qarabağ”ı qarabaqara izləyən “Qəbələ”ni isə paytaxtda “Zirə” ilə çətin oyun gözləyir. Ayxan Abbasovun “qartallar”ın “sükanı arxası”na keçməsindən sonra “Zirə” 2 oyunda qalib gəlib, yalnız “Qarabağ” məğlub olub – 0:2. Ötən turda 4-cü pilləni “Sumqayıt”a təhvil verən  “Zirə” “Qəbələ”dən xal almaq niyyətindədir.  “Qəbələ” isə 1-ci yer uğrunda mübarizədə qəsəbə komandasını mütləq məğlub etməldir. “Qırmızı-qaralar”ın heyətində isə 2 mərkəz müdafiəçisi olmayacaq. Zədə səbəbindən Vitali Venidub və Rafa Santos qəsəbə təmsilçisinə qaşı oynamayacaq. Bu səbədən qış fasiləsində heyətə cəlb edilən Rasim Ramaldanov sözügedən oyunda iştirak edərək debütün gerçəkləşdirə bilər.

 

Statistika: Son 3 oyunda “Qəbələ” “quru hesablı” qələbə qazanıb. “Zirə”nin ev oyunlarında qol vuran komanda qalib gəlir.
Zirə - Qəbələ: 6 oyun, 2 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi 3:7. 

 

 

Turun digər 2 oyunu sabah baş tutacaq.

 

Qış fasiləsindən sonra AFFA-nın boyunduruğu altında yaşamağı qəbul edən “İnter” Şüvəlanda AZAL-ın qonağı olacaq. Son iki turda 1 xal qazanan “İnter” AZAL-ı məğlub etməklə özünə gələ bilər. “Təyyarəçilər” isə son iki oyunda çempionluq uğrunda mübarizə aparan “Qarabağ” və “Qəbələ”yə qarşı oynayıb. Hər iki oyunda məğlub olan Tərlan Əhmədovun yetirmələri rəqiblərinə kifayət qədər ciddi müqavimət göstərmişdi. “Təyyarəçilərin  zirzəmidən xilas olmaq üçün qazandığı hər xal qənimətdi.

 

Statistika: “İnter” son 3 qarşılaşmada qalib gəlib. AZAL 13 oyundu qələbə qazana bilmir. 
AZAL - İnter: 32 oyun, 5 qələbə, 13 heç-heçə, 14 məğlubiyyət, top fərqi 21:34. 

 

 

Turun son oyununda yenilənmiş “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Ötən turda “Kəpəz”ə qalib gələrək 4-cü pilləni yenidən ələ keçirən “kimyaçılar” səfərdə “Neftçi”dən də xal qoparmaq niyyətindədir. Qış fasiləsindən sonra inamlı oyun nümayiş etdirən “Neftçi”nin hədəfi ilk 4-lükdür. Bu səbəbdən Elxan Abdullayevin yetirmələri “Sumqayıt”a mütləq qalib gəlməlidir. Bu səbəbdən “ağ-qaralar”ı bu oyunda yalnız 3 xal qane edə bilər. 

 

Statistika: “Neftçi” ardıcıl 3 oyundu xal qazana bilmir. Bakılılar son 6 ev oyununu qolsuz tərk etməyib.
Neftçi - Sumqayıt: 18 oyun, 10 qələbə, 2 heç-heçə, 6 məğlubiyyət, top fərqi 34:22.

 

Xəbər xətti