Premyer Liqanın 18-ci turunda "Qəbələ" səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "Qəbələ"nin kapitanı Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.
- Son dəqiqələrdə nə baş verdi?
- 10 nəfərlə qalmışdıq. Bilirdik ki, ağır keçəcək. Çətin səfər olacağı məlum idi. "Zirə" də yaxşı hazırlaşmışdı. Öz səhvlərimizdən xal itirdik. Hər iki qolu standart vəziyyətdən buraxdıq.
- "Zirə" son saniyədə hesabı bərabərləşdirəndə çempion komanda kimi sevinirdi. Bu, diqqətinizi cəlb etmədi?
- İndi bunu siz dediz mənə. Heç bu haqda danışmaq da istəmirdim. Sadəcə olaraq deyim ki, hesab heç-heçə başa çatıb. Amma "Zirə"nin soyunub-geyinmə otağında elə səs-küy var ki, elə bil çempion olublar. "Zirə"ni təbrik edirəm. Həqiqətən də hamı gördü bu sevinci. Mən bu haqda çox danışmayacam. Özünüz qiymət verin.
- "Zirə"nin son oyununu izləmişdiz?
- Bəli, təzə legionerləri də var. Çətin olacağını bilirdik. Ciddi hazırlaşmışdıq.
- Ötən oyunla fərqləri var idi?
- Əlbəttə var idi. Onu adi adam da hiss edirdi. "Zirə" meydanda can qoydu. Rəqibi bir daha təbrik edirəm.
- Rasim Ramaldanovun qırmızı vərəqə alması haqda nə söyləyə bilərsən?
- Rasimin debütü idi. Pis oynamırdı, yaxşı təsir bağışlayırdı. Belə hallar da baş verir. İnanıram ki, onun üçün bundan sonra yaxşı olar.
- Növbəti oyun "Qarabağ"a qarşıdır. İlin oyunu demək olar?
- İlin oyunu demək olmaz. Digər oyunlara hazırlaşdığımız kimi hazırlaşacağıq. Xüsusi əhəmiyyət daşımır.
- Uduzsaz, fərq 6 xal olacaq...
- Olsun da, burda nə problem var ki?
- Aradan qaldıra biləcəksiz?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Çempionluğa oynamırıq. Çempionatın sonunda nə olar, olar.
- Səncə, "Qarabağ"a qarşı oyunda baş hakim kim olmalıdı?
- O qədər hakim səhvləri olur ki... Fərqi yoxdur. Kim olursa, olsun.
- Məlum hadisələrdən sonra ilk dəfə start heyətdə komandanı oyuna kapitan kimi çıxardın. Son dəfə "Apollon"la oyunda kapitan kimi çıxarmışdın komandanı... Necə hisslər idi?
- O vaxtkı hisslər tam başqa idi. İndi isə tam başqa. Mənim üçün əsas kapitanlıq deyil, göstərdiyim oyundur. Təbii ki, komandamın da uğuru.