Nizami Hacıyev milli komandanın qapısını döyür, Prosineçki isə gözlükdən baxmır... KİÇİK QEYD

10:14 - 14 Fevral 2017

Robert Prosineçki futbolumuzda artıq yeni deyil. Hamını tanıması üçün, futbolumuzun real səviyyəsini müəyyənləşdirmək üçün kifayət qədər vaxtı olub. DÇ-nin seçmə mərhələsində 4 oyuna qazanılan 7 xal AFFA rəhbərliyinin də ona olan ümidlərini artırıb. Axı, Robert Prosineçki özündən əvvəl çalışan Berti Foqtsdan çox fərqlənir işiylə. Amma bu iki məşqçi arasında bir oxşar xüsusiyyət var. Foqts kimi Prosineçkidə də yersiz inad, tərslik var.

 

Dəfələrlə görmüşük ki, Prosineçki yaxşı formada olan futbolçunu milliyə dəvət etmir və əvəzində klubunda oyun praktikası olmayanı cəlb eləyir ölkənin əsas komandasına. Kənardan bunu görənlərdə elə hiss yaranır ki, milliyə futbolçular əvvəlcədən hazırlanmış siyahı, tapşırıqla çağırılır. Biz iddia etmirik ki, bu, belədir. Amma Robert Prosineçki zaman-zaman öz (əsassız) seçimləriylə bu barədə düşünmək üçün mövzu verir futbol camiəsində olanlara.

 

Dünən AZAL üzərində qələbədən sonra “İnter”in kapitanı Nizami Hacıyev “partlayıb”, millidə oynamaq istədiyini, milliyə layiq olduğunu deyib. Bu məsələdə ən önəmli odur ki, futboldan anlayışı olan hər kəs Nizami Hacıyevin boğazdan yuxarı danışmadığını bilir. Hacıyev əla formadadı, millidə onun mövqeyində çıxış eləyən heç bir futbolçudan zəif deyil. Hətta bir qədər də irəli gedib demək olar ki, Nizami Hacıyev öz ampluasında indiki halda hamıdan güclüdü milli üzvləri arasında. Amma Prosineçki onu görməzdən gəlir...

 

Bu məsələ ilə bağlı Robert Prosineçkinin fikirlərini dinləmək çox maraqlı olardı. Amma “sistemimə uyğun gəlmir” kimi şablon bir ifadə yox, tutarlı, izahlı bir cavab gözləyirik və ya dəvət!  

Həmid

Xəbər xətti