Rəşad Sadıqov: "Bu, sevindirici haldır" MÜSAHİBƏ

21:05 - 19 Fevral 2017

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqanın 19-cu turunda "Qəbələ"yə səfərdə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Oyun haqqında nə deyə bilərsən? Məğlubiyyətə səbəb nədi?
- Nəticəni nəzərə almasaq, gərgin oyun keçəcəyini bilirdik. Biz daha çox topla oynayacaqdıq, "Qəbələ" isə oyunu əks-hücumlar üzərinə quracaqdı. Demək olar ki, oyun belə də getdi. Sadəcə olaraq, oyunun taleyini son vuruşlar həll etdi. Rəqibin ikinci qolundan başqa real qol epizodu olmadı. Son vuruşlarda “Qəbələ” bizdən dəqiq oldu. Bizim də zərbə vurmağa imkanlarımız vardı, amma ya qapıçının üzərinə getdi, ya da top rəqib müdafiəçilərə dəydi.

 

- Rəqib müdafiəsini yarmağda çətinlik çəkdiniz. Nəzərə alsaq ki, rəqibin əsas mərkəz müdafiəçisi yox idi matçda. Bu, növbəti oyunlarda sizə çətinlik yaradacaqmı?
- Ümumiyyətlə, “Qəbələ” komanda şəklində çox yaxşı oyun göstərir, güclü heyətləri var. Onlara qol vurmaq asan deyil. Biz çalışdıq, əlimizdən gələni etdik, amma alınmadı.

 

- Bu matçda “Qəbələ” azarkeşlərinin çılğınlığı diqqətini çəkdimi? Oyun zamanı ab-hava necə idi?
- Bu, normaldır. Səfər matçlarında hər zaman rəqib azarkeşlərin üstünlüyü olur.

 

- Demək olar ki, bu matçdan sonra çempionluq yarışı daha da qızışacaq?
- Bəli, əgər bu gün qələbə qazansaydıq, çempionluğa daha çox yaxınlaşacaqdıq.

 

- Əvvəllər “Neftçi” - “Xəzər-Lənkəran” matçına böyük maraq vardı, indi də “Qarabağ” - “Qəbələ”...
- Həmin matçlar biraz fərqli idi. Komandaların bir-birinə qarşı aqressiyası avrdı. Amma bizim “Qəbələ” komandası ilə çox yaxşı münasibətlərimiz var. Bu gün meydançada da gözəl futbol oldu, futboldan kənar hadisələr baş vermədi. Bu, sevindirici haldır.

Xəbər xətti