AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqasının 19-cu turunun “İnter” - “Zirə” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 74-cü dəqiqəsində “Zirə”nin futbolçusu Anar Nəzirov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının 19-cu turunun “Qəbələ” - “Qarabağ” matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
• “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 800 manat cərimə olunub.
• “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə olunub.
• “Qəbələ” klubunun azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunub.