Maksim Medvedev: "Kamran Ağayev harda aş, orda başdı" MÜSAHİBƏ+VİDEO

14:50 - 28 Fevral 2017

Azərbaycan milli komandasının və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev AFFA-nın feysbuk səhifəsində yayımlanan “Sualla zərbə” rubrikasının qonağı olub.

 

Sportal.az xəbər verir ki, o, bir çox maraqlı məqamlardan danışıb. 

 

- Səfər matçlarında olarkən millinin azarkeşləri Sizə və komanda yoldaşlarınıza necə münasibət göstərirlər? Azarkeşlərlə bağlı ən yadda qalan xatirəniz hansıdır?
- Səfər oyunlarında da milliyə böyük dəstək olur. Hava limanına azarkeşlər gəlirlər, bizimlə görüşürlər. Bu, sevindirici haldır. Baxmayaraq ki, məsələn, Azərbaycan və Almaniya futbolu eyni səviyyədə deyil. Ancaq milliyə böyük maraq var. Bu da əlavə ruh yüksəkliyi verir. Yadda qalan xatirəyə gəlincə, San Mariono ilə səfər matçında məşqə çıxarkən gördüm ki, 2 nəfər tribunada Azərbaycanın dövlət himnini oxuyur. Səhv etmirəmsə, həmin oğlanın adı Şamildir. Son oyunlara həmişə tək gəlir. Hiss etdim ki, onda kompleks yoxdur. Qıraqdan kim necə baxsa da, dəstəkləyəcək. O, necə mənə azarkeşlik edirsə, mən də ona azarkeşlik edirəm. Sevinirəm ki, belə bir fanatımız var.


-  Milli komandada ən yaxın münasibətdə olduğunuz oyunçu kimdir?
-  Yığmada çoxlu dostlarım var. Onların bəzisi ilə eyni klubda çıxış edirəm. Çox yaxın münasibətdə olduğum futbolçu başqa klubdandır.  O, “İnter”də çıxış edən Rauf Əliyevdir.  Çünki uşaqlıqdan bir yerdə futbola başlamışıq. 11 yaşdan etibarən bütün milli komandalarda birlikdə çıxış etmişik.  Son 3 ildə isə fərqli klublarda oynayırıq. Buna baxmayaraq, millidə onunla çox yaxın oluram və münasibətim çox gözəldir. 

 

-    Hansı klubun yetirməsisiniz və ilk müəlliminiz kim olub?
-    11 yaşımda “Neftqaz” klubunda başlamışam. İlk məşqçim Ramiz müəllim olub. O, bizə çox böyük dəstək verib. Onun köməkliyi ilə aşağı yaş qrupları üzrə milli komandalara düşməyə başlamışıq. Oradan “Qarabağ”ın futbol məktəbinə keçmişəm. Səhv etmirəmsə, 12 ildir “Qarabağ”dayam. Futbol məktəbim də məhz elə “Qarabağ”dır.

    
-     İndiyə qədər qarşılaşdığınız ən güclü hücumçu kimdir?
-     Avropada ad çıxaran çox futbolçulara qarşı oynamışam. Kriştiano Ronaldo, Luiş Nani, Stefan El-Şaravi, Yengeni Konoplyanka... Onlara qarşı oynamaq çətindir. Çünki hər birinin öz oyun tərzi var. El-Şaravi və Konoplyanka üstünə gəlib driblinq etməklə, Ronaldo və Nani isə sürət hesabına müdafiəçiləri keçmək istəyirlər. Şadam ki, belə futbolçulara qarşı oynamışam.

 

-    5 nəfərdən ibarət futbola getsəniz, milli komandadan kimləri götürərsiniz?
-    Özümə 1 qapıçı, 3 meydan oyunçusu götürərəm. Qapıya Kamran Ağayevi qoyardım. Meydan oyunçularından Rahid Əmirquliyevi götürərəm. Mənə elə futbolçular lazımdır ki, bu cür oyundan anlayışı olsun. Biz bu oyunu “dır-dır” adlandırırıq. Yaxşı bir müdafiəçi lazımdır ki, o da Bədavi Hüseynov olsun. Çünki addımları böyükdür. İki nəfər də texnikalı futbolçu lazımdır. Bunun üçün də Ağabala Ramazanovla Rəhman Hacıyevə ehtiyac duyaram. Hər ikisinin boyu balacadır və yaxşı texnikaya malikdirlər. Arxada isə üçümüz dursaq, kifayət edər. Məncə, bu heyətlə istənilən komandaya qarşı oynayarıq.


-    Dünya çempionatında iştirak etsəniz, hansı hissləri keçirərsiniz?
-    Bu, həqiqətən də mənim arzumdur. Dost-tanışlar ılaqə saxlayırlar. Millinin son nəticələrini görəndən sonra deyirlər ki, çox böyük şansınız var və səni orada görmək istəyirik. Özüm də çox istəyirəm. Növbəti dünya çempionatı Rusiyada olacaq. Orada çoxlu dostlarm var. Onlar bizim nə vaxt gələcəyimizi gözləyirlər. Əsas fikir odur ki, final mərhələsinə düşək. Orada hansı hisslər olacaq, hələlik bilmirəm.

 

-    Qolunuzdakı tatuyajlar nədir və hansı mənanı daşıyır?
-    Döymənin daxilində çox məna var. Ona görə də, üzərini ümumi bir fonla bağlamışam ki, seçilməsin. Görəndə çox suallar verirdilər. Ancaq yazı və şəkillər var ki, onları açıqlamaq istəmirəm. Şəxsi həyatıma aid olduğu üçün müzakirə etmirəm.

 

-    Azərbaycan dilində hansı mahnını bilirsiniz?
-    Məqşdən qayıdanda çox vaxt radioya qulaq asıram. Çox mahnıdan xoşum gəlir. Əlbəttə, öz-özümə oxuyuram. Daha çox Ədalət Şükürovun mahnıları ürəyimə yatır. Özü ilə də aram çox yaxşıdır. Onun mahnılarına üstünlük verirəm, səsi xoşuma gəlir. Mahnılardan biri də budur: “Ay qız keçə bizim məhlədən, sənin adına qurban olum” (gülür).


-    Milli komandada oynayarkən, yaşadığınız hansısa gülməli bir məqam olub?
-    Gülməli məqam çox olub. Çünki bizdə Kamran Ağayev kimi futbolçu var. Kamran toplanışda varsa, deməli, vaxt tez uçacaq. Axırıncı səfərdə məndən xahiş etdi ki, gedək pilota tərəf, mikrofonla bir şey danışmaq istəyirəm. Mən də razılaşdım, amma fikrini bilmirdim. Kamran mikrofonu götürüb dedi: “Salam sərnişinlər, bizim uçuşumuz 5 saat çəkəcək və hündürlüyümüz bu qədər olacaq. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bizdə bir sərnişin itib, ayağınızın altına baxın, birdən əzib edərsiniz. Sərnişinin adı Arif Daşdəmirovdur”. Bunu ona görə etdi ki, Arifin boyu balacadır, həmişə zarafat üçün ona “ilişir”.  Bu sözləri mikrofonda deyəndən sonra bütün təyyarədə olanlar gülüşdülər. Belə anlar çox olur. Müsbət məqamlar ancaq Kamrana aid olanlardır. Harada aş, orada başdır.


-    Almaniya ilə oyundan nə gözləyirsiniz?
-    Komandamız bir məqsəd üçün meydana çıxacaq: qalib gəlmək. Bizim şüarımız var: “Niyə də yox?!” Öz meydanımızda oynayacağıq. Azərbaycan millisi hər şey edə bilər. Bizdən həm sürpriz, həm də yaxşı oyun gözləyə bilərlər. İnanıram ki, burada Almaniya millisindən xal ala biləcəyik.

 

Xəbər xətti