Rəşad Sadıqov: "O məğlubiyyətdən sonra daha da gücləndik" MÜSAHİBƏ

21:06 - 4 Mart 2017

Azərbaycan Premyer Liqasının XXI turunda "Qarabağ" səfərdə "Sumqayıt"ı böyükhesabla (0:4) məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov əməkdaşımızın suallarını cavablandırıb: 

 

- Yaxşı oyun keçdi. Üç xal qazandıq ki, bu, bizim üçün önəmli idi. Yaxşı  oyunla qələbə qazandıq.

 

- Oyunu sona qədər davam etdirə bilmədin. Ağrılar var idi, yoxsa?

- Sadəcə, məşqçilər qorumaq məqsədi ilə məni əvəzlədilər. Bildiyiniz kimi, zədədən yeni qayıtmışam.  Bir neçə gün sonra milli ilə oyunumuz var, məşqçimiz də bunu nəzərə aldı.

 

- Ötən tur “İnter”ə məğlubiyyətdən sonra azarkeşlərlə aranda kiçik problem olmuşdu. Problem nə idi?

- “Qarabağ”da hamı bir ailə kimidir. Komandada ilk gündən mehribanlıq olub. Azarkeşləri də özümə yaxın bildiyim üçün, onlara yaxınlaşdım. Öncə “İmarət”in üzvləri ilə dialoq oldu. Paltardəyişmə otağına yollananda isə bir gənc oğlan sərt şəkildə tənqidlər səsləndirdi. Həmin azarkeşə dedim ki, nə olub, belə tənqidlər etməyə ehtiyac yoxdur. Komanda istənilən nəticə ilə üzləşə bilər. Oyundan sonra aramızda mehribanlıq oldu. Baxırsan, ailə içində də hərdən problemlər olur. Düşünürəm ki, “İnter”ə məğlubiyyətdən sonra daha da möhkəmləndik. Futbolçular və azarkeşlər arasında bağlarımız daha qüvvətləndi.

 

- Millimiz bir neçə gün sonra Qətərlə yoxlama oyununda qüvvəsini sınayacaq. Həmin oyun haqda nə deyə bilərsən?

- Yoldaşlıq oyunu olsa da, bizim üçün vacib matç olacaq. Məlum olduğu kimi, 3 həftə sonra Almaniyaya qarşı rəsmi oyunumuz var. Milli üzvləri bir müddətdir ki, bir yerdə oynamır. Buna görə də Qətərlə oyun bizim üçün vacib olacaq. Nəticə olmasa da, oyun bizim üçün çox önəmlidir.

Xəbər xətti