Azərbaycan Premyer Liqasının XXI turunda “İnter” doğma meydanında “Qəbələ”yə 0:2 hesabıyla məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin müdafiəçisi Tellur Mütəllimov jurnalistlərə müsahibə verib.
- Çox xoşbəxtəm ki, qələbədə mənim də payım oldu. Şadam ki, qalib gəldik. Çalışacam hər zaman komandam üçün vacib qollar vurum.
- “Qəbələ”də mövsümün əvvəlindən yaxşı davam edirsən. Artıq milliyə də dəvət aldın. Ulduz xəstəliyi tapmarsan?
- İnşallah, elə bir şey olmaz. Çalışacam ki, necəyəmsə, elə də qalım.
- Milliyə də əvət aldın. Hansı hissləri keçirirsən?
- Robert Prosineçkiyə də təşəkkür edirəm. Hər futbolçu üçün yığmada oynamaq şərəfdir. Sevinirəm ki, mən buna nail oldum. Çalışacam ki, həmişə milliyə dəvət alım.
- Yığma komandaya dəvət alacağını gözləyirdin?
- Düzünü desəm, gözləmirdim. Fikrimi “Qəbələ”nin oyunlarına cəmləmişdim. Bu da mənim üçün sürpriz oldu.
- Müdafiə xəttində tez-tez dəyişikliklər olur. Rafael Santos və Vitali Vernidub zədəlidir. Rasim Ramaldanov cəzalı idi və bu gün zədələndi. Bu, sənin oyununa təsir edir?
- Xeyr, heyətimiz güclüdür və bu, mənə təsir etmir. Mən axı cinah müdafiəçisiyəm.
- Növbəti oyununuz “Neftçi”yə qarşıdır.
- Çalışcağıq ki, qalib gələk. Çətin rəqibdir. Son oyunlarda formadadırlar. Baş məşqçimiz rəqibi analiz edəcək və qalib gəlməyin yollarını axtaracağıq.
- Bu oyunda məşqçi sənə xüsusi olaraq nə tapşırıq vermişdi?
- Konkret heç nə tapşırılmamışdı. Yaxşı müdafiə olunmaq və hücumlara dəstək olmaq. Fikrimcə, məndə yaxşı alındı.