Tərzin Cahangirov: "Avrokubok şansını əldən buraxmamalıyıq"

10:42 - 6 Mart 2017

"Oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Amma qələbə qazanmaq istəyində idik. Çünki hədəfdə avrokuboklara vəsiqə qazanmaq istəyidir".

 

Sportal.az xəbər verir ki, bu sözlər "Neftçi"nin futbolçusu Tərzin Cahangirova məxsusdur. "Ağ-qaralar" Azərbaycan Premyer Liqasının XXI turunda öz meydanında "Zirə"yə (1-2) məğlub olub.

 

Oyundan sonra əməkdaşımızın suallarını cavablandıran yarımmüfadiəçi ilk hissəyə nisbətən, ikinci hissədə yaxşı oynadıqlarını deyib: "İlk hissədə istədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci hissədə daha yaxşı oynasaq da, rəqibin vurduğu ikinci qoldan sonra tarzılığı bərpa edə bilmədik. Oyunun ədalətli nəticəsi heç-heçə idi, amma alınmadı".

 

Cahangirov "Neftçi" üçün şanssız bir gün olduğunu vurğulayıb: "Məğlubiyyətdə konkret hansısa futbolçunu və ya qapıçımız Vaylonu günahlandırmaq olmaz. Bəzən istədiklərimiz alınmır. Bu gün də şanssız günlərimizdən biri idi".

 

Futbolçu bildirib ki, avrokuboklara vəsiqə qazanmaq üçün əllərindən gələni edəcəklər: "Hələ heç nə bitməyib, 9 xal geridə olsaq da, mübarizəmizi sona qədər davam etdirəcəyik. İndi həm də əsas diqqətimizi kuboka yönəldib, avrokubok şansını əldən buraxmamalıyıq".

Xəbər xətti